Dünya

Qərbdən Tehrana qarşı yeni taktika – Molla rejimi təcrid olunur, müxalifət ön plana çıxarılır – ŞƏRH + FOTO

Sharing is caring!

“Qərb dövlətləri İrandakı molla-fars rejiminin hakimiyyətini qəbul etmir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, İranda insanların hüquq və azadlıqları təmin olunmur, vətəndaşlara qarşı zorakılıq törədilir və bütün bunlar sivil dünyanın ciddi narazılığına səbəb olur.

Deputatın fikrincə, Tehran rejiminin tutduğu mövqe beynəlxalq təhlükəsizliyə təhdiddir.

“Bu ölkə beynəlxalq konvensiyaların tələblərini və normalarını saymır, səfirliklərə qarşı terrorlar təşkil edərək özlərinin əsl simalarını göstərirlər. İranda etiraz aksiyaların davam etməsi və günü-gündən dərinləşməsi, o cümlədən insanların tələblərinə hörmətsiz yanaşılması Qərbin bu ölkəyə münasibətini daha da sərtləşdirib”, – A.Badamov vurğulayıb.

Onun sözlərinə görə, İran regionda sülhün yaranmasına da böyük maneədir, çünki bu ölkə Ermənistanı silahlandırır, Zəngəzur dəhlizinin açılmasına mane olur:

“Belə bir yanaşma bu gün çox müzakirə olunan yeni dünya nizamının yaranmasına tamamilə ziddir. Məhz ona görə də Tehrana tətbiq olunmuş sanksiyalar və Qərbdən təcrid edilmə siyasəti davam etdirilir. Artıq İran hökuməti təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq konfranslara dəvət almır, bunun əvəzində isə İran müxalifəti müzakirələrə dəvət olunur. Hesab edirəm ki, Qərbin İran müxalifətinə böyük dəyər verməsi fars-molla rejiminin etibarı itirməsindən irəli gəlir. Ona görə də Qərbə İranda yeni bir hakimiyyətin qurulmasında maraqlıdır və bu baxımdan müxalifətə dəstək verilir”.

Deputat Vüqar İskəndərov isə deyib ki, artıq bir neçə gündür dünyanın diqqəti Almaniyanın Münhen şəhərinə yönəlib. Buna səbəb isə Münhen Təhlükəsizlik Konfransının builki – sayca 59-cu görüşünün keçirilməsidir:

“Çünki Almaniyanın ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münhen şəhərində təşkil edilən bu konfrans beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır”.

O, qeyd edib ki, builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.

V.İskəndərovun sözlərinə görə, 1963-cü ildən keçirilən Münhen Təhlükəsizlik Konfransının əsas şüarı “Dialoq vasitəsilə sülh”dür (Peace through Dialogue):

“Münhen Təhlükəsizlik Konfransının builki – sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə ediləcək. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransının illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Məhz bu baxımdan builki konfrans xüsusilə diqqətlə izlənilir. O mənada ki, bu tədbirə Rusiya və İran rəsmiləri dəvət edilməyib”.

Deputat hesab edir ki, Rusiyanın konfransa dəvət olunmamasını hardasa başa düşmək olar, çünki Rusiyanın Ukraynaya hücumundan sonra Qərb bu ölkəyə qarşı bütün sahələrdə sanksiyalar tətbiq edib.

“İrana gəlincə, hesab edirəm ki, artıq aparıcı Qərb dövlətləri indiki İran hakimiyyətini tamamilə qəbul etmir. Əslində, bu, tarixi dönüşdür. Çünki 2019-cu ildə İranın xarici işlər naziri Cavad Zərif bu konfransa dəvət almışdı. İndi isə İran müxalifəti müzakirələrə dəvət olunub. Hesab edirəm ki, bu rəsmi Tehran üçün çox ciddi siqnaldır”.

V.İskəndərov söyləyib ki, artıq bir neçə aydır davam edən xalq üsyanına İran hakimiyyətinin zorla cavab verməsi, üstəlik təbii fəlakət baş verən Xoyda insanlara yardım göstərilməməsi rəsmi Tehranın Qərbin “qara siyahı”sına düşməsini daha da tezləşdirib:

“Üstəlik, SEPAH-ın Avropada terror təşkilatı elan edilməsi təklifi, həmçinin, İranın Ukraynaya qarşı savaşda Rusiyaya gizli hərbi dəstək verməsi fars-molla rejiminin hakimiyyət ömrünün qısalmasına yol açıb. Təbii ki, biz bura fars-molla rejimi tərəfindən güney azərbaycanlılara qarşı təzyiqlərin hər keçən gün daha da artmasını, həmçinin, onların ana dilində təhsil hüququndan məhrum edilməsini də əlavə etməliyik. Bir sözlə, görünən odur ki, Avropa yeni fars-molla hakimiyyəti ilə bütün əlaqələri kəsməyə hazırlaşır”.

Qeyd edək ki, İran hakimiyyəti 59-cu Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb. Əvəzində İran müxalifəti müzakirələrə dəvət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir