Dünya

Şərq-Qərb qarşıdurması və Azərbaycanın balanslı siyasəti – ŞƏRH + FOTO

Sharing is caring!

Azərbaycan xüsusilə 44 günlük Vətən müharibəsindən sonra ayrı-ayrı dövlətlər üçün vacib partnyorlardan birinə çevrilib. Həm Qərb, həm də Şərq dövlətləri rəsmi Bakı ilə əməkdaşlığa xüsusi önəm verirlər. Əlbəttə, bunun əsaslı səbəbləri var.

Əvvəla, Azərbaycanın geosiyasi mövqeyi həm Qərb, həm də Şərqlə əlaqələr üçün əlverişli şərait yaradır. İkinci bir tərəfdən, Azərbaycan artıq nəinki regional, həm də beynəlxalq siyasi oyunçulardan biridir. Belə olan halda, sözsüz ki, bütün dövlətlər rəsmi Bakı ilə əlaqələrə xüsusi önəm verməyə çalışırlar. Əgər Qərb ölkələri ilə tərəfdaşlığımız daha çox neft-qaz ixracı üzərində qurulubsa, Şərq dünyası ilə Bakı arasında həm də dil, din, mentalitet yaxınlığı var.

Mərkəzi Asiyada yerləşən Özbəkistan, Qazaxıstan, Qırğızıstan həm də Türk Dövlətləri Təşkilatına daxildirlər. Bu məqam əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu bütün istiqamətlərdə olduğu kimi, Qərb və Şərqlə münasibətlərimizdə də özünü göstərir. Bu təkcə iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahəsinə deyil, həm də təhlükəsizlik və siyasi dialoqun inkişafına aiddir.

Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yeridən nadir dövlətlərdəndir. Bu özünü həm də xarici təmaslarda, o cümlədən qarşılıqlı səfərlərdə göstərir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etdi. Ondan əvvəl, daha dəqiq desək, bu ilin sentyabr ayında isə dövlət başçısı Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.

Sammit çərçivəsində Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şövkət Mirziyoyevin görüşü olub. Liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə yanaşı, həm də regional və ikitərəfli əlaqələri, əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Dövlət başçımızın Özbəkistana başqa bir səfəri isə bu ilin iyun ayında baş tutub.

Avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya rəsmi səfərə gəlib. Həmin görüş də səmərəli və uğurlu keçib. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarov Bakıya rəsmi səfər edib. Prezident İlham Əliyevlə görüş zamanı ikitərəfli və regional konteksdə bir sıra məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq həm Azərbaycan, həm də onlar üçün vacibdir. Azərbaycan Qazaxıstan, Özbəkistan və digər ölkələr üçün Cənubi Qafqaza açılan qapıdır.

Vətən müharibəsindən sonra türk dünyasının iki böyük lideri – Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün xüsusi səylər göstərir. Atılan addımlar öz nəticəsini verir. Azərbaycanın Qərblə Şərq arasında körpü statusu daha da möhkəmlənir və müasir dövrün reallıqları çərçivəsində yeni məzmun qazanır.

Beləliklə, Azərbaycan Qərb və Şərq dövlətləri arasında balanslı siyasət yeritməklə öz xarici siyasət kursunda əməkdaşlığın, dostluğun və tolerantlığın əsas prinsiplər olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Bunun nəticəsində Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Rəsmi Bakının Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində və Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti getdikcə artır.

Report İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir