Dünya

Böyük şahmat taxtasında “Pelosi gedişi”: “Qorxular”, Azərbaycanın növbəti güc tətbiqi üçün zəmin – TƏHLİL

Sharing is caring!

ABŞ Konqresinin iki palatası var – Nümayəndələr Palatası və Senat. Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi ABŞ-ın “dərin dövlət” siması olaraq həssaslıq yaşayan regionlara səfərlər edir, o, bu yaxınlarda Tayvana baş çəkdikdən sonra növbəti ünvan olaraq Ermənistanı seçdi.

ABŞ-ın Pelosi kimi birini xarici siyasətdə alət kimi seçməsinə Vaşinqtonun sürprizlər vadisi kimi baxmaq da lazım deyil. Xanım Pelosi ABŞ siyasətinin qlobal çəkidəki yerini ölçən barometrdir, məsələn, onun Tayvana səfərindən sonra Çinin reaksiyası yoxlanıldı və ABŞ öz baxışlarını yenidən nəzərdən keçirdi.

Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmalardan sonra da ABŞ Cənubi Qafqazın “sağalmayan xəstəliyi” Ermənistanın yaralarına məlhəm olmaq üçün Pelosini İrəvana yolladı.

Hər nə qədər Pelosi ABŞ-ın qlobal siyasətində indikatora çevrilirsə, bir o qədər Vaşinqtonun xarici siyasət prioritetləri dünya tərəzisində inam və etibar dərəcəsini itirir.

Pelosini indi ABŞ-ın qlobal maraqlarından çox, ölkədə noyabrda keçiriləcək konqresə seçkilər düşündürür, nüfuzu aşağı düşən Pelosi və demokratlar erməni icmasının səsini qazanmaq vasitələrini inkişaf etdirirlər.

TƏQDİMAT:

ABŞ Konstitusiyasına əsasən, Nümayəndələr Palatası federal qanunlar hazırlayır və onu qəbul edir. Palatada ABŞ-ın 50 ştatının əhalisinin maraqlarını proporsional olaraq 435 nümayəndə təmsil edir.

Ümumilikdə Konqresin səlahiyyətlərinin tamamlanması üçün bəzi məsələlərdə Nümayəndələr Palatası ilə Senat həmrəylik nümayiş etdirməlidirlər, bu isə Konqresin xarici siyasətdəki səlahiyyətlərini müəyyənləşdirir.

Konqres ABŞ hökuməti üzərində nəzarət rolunu oynayır, lakin Pelosinin səfərləri göstərir ki, Ağ Ev Konqresin bir qanadı olan Nümayəndələr Palatası üzərində faktiki güclü nəzarət imkanlarına malikdir.

İrəvan səfəri ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərində erməni icmasının ürəyinə su səpmək üçün Pelosiyə yaxşı fürsət verdi.

Onun İrəvana səfəri, qondarma erməni soyqırımı abidəsi önündə peşəkar şəkildə hüzn səhnəsi qurması, Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsinin kökü daxili auditoriyada xal qazanmaq niyyətlərinin ifadəsidir.

Ancaq Pelosinin səfər proqramına ABŞ-ın xarici siyasət istiqamətlərinin funksioneri qismində nəzər yetirməyi bir kənara tullaya bilmərik.

ABŞ Rusiya-Ukrayna müharibəsinin gedişatında Cənubi Qafqaza dair plan hazırlayır, bunun əlamətlərini əvvəlki illərdən fərqli olaraq Vaşinqtondan verilən bəyanatların tonundan və intensivliyindən görmək mümkündür.

ABŞ bəzi məsələlərdə Rusiya ilə baş-başa gəlmək meyilindən qaçır, çünki Cənubi Qafqazda Moskvanın təsir rıçaqları geniş müstəvidədir.

ABŞ buna görə də səhnəarxası bir tamaşa qurur, Pelosini dövrəyə salır və strateji şüurundakı bəzi nöqtələri gizlətmək üçün dekorativ bir fon yaradır.

Ancaq səbəblər zənciri nəticədə Rusiyanın əqrəblərini fırladır, çünki ABŞ-ın Cənubi Qafqaz siyasəti uğurlar silsiləsindən uzaqda dayanıb.

Pelosinin İrəvanda verdiyi bəyanatların məntiqi Azərbaycanın növbəti hərbi əməliyyatlar aparmasına münbit zəmin yaradır. Ona görə bu mühakiməni irəli sürürük ki, Azərbaycan dəfələrlə Ermənistanda revanşizmin baş qaldıracağı təqdirdə bunu hərbi tədbirlərlə cavablayacağını bildirib.

Elementar məntiq: Pelosinin səfərinin ABŞ üçün geosiyasi təzahürlərini bir kənara qoysaq, nəticə etibarı ilə Ermənistanda qisasçılıq hisslərini və anti-Rusiya ovqatını coşdurur. Bu kimə sərf edir? Təbii ki, Rusiyaya və Moskvanın Azərbaycana yeni dəstəkləyici mexanizmlər verməsinə şərait yaradır.

ABŞ-Azərbaycan münasibətlərinin taleyinə gəlincə, hesab etmək olmaz ki, Pelosi kimi bir şəxs Vaşinqtonun Bakı ilə bağlı prioritetlərini kökündən dəyişsin.

Təəccüblü gəlsə də, ABŞ-la Azərbaycanın əlaqələrinin tərəfdaşlıq səviyyəsinə qalxması iki ölkə arasındakı mübahisəli məsələlərdə fikir ayrılıqları ilə paralel şəkildə baş tutub.

Yəni Bakı-Vaşinqton münasibətlərinin təməllərindəki mübahisə yaradan mövzular olsa da, bu, tərəflərin əlaqələrinə sarsıdıcı zərbə vurmayıb.

PROQNOZLAR:

Pelosinin səfəri ABŞ-ın Cənubi Qafqazdakı baxış bucağını böyütdüyünün anonsu olduğundan, regionda Vaşinqton-Moskva rəqabətinin doğurduğu gərginlik artacaq. Azərbaycan çarpazlaşan qılıncların qığılcımının özünə sıçramaması üçün Türkiyə ilə yeni plan hazırlayacaq, Moskva-Vaşinqton əlaqələrində isə balans siyasətini davam etdirəcək.  

Qəribə səslənsə də, bölgədəki digər hədəf İrandır, hərçənd ki, İran Pelosinin səfərinə etiraz etməyib, lakin bu, situativ yanaşmanın göstəricisidir. Çünki Pelosinin səfəri İranın “regionda sərhəd dəyişikliyinin qəbuledilməzliyi” mövqeyi ilə səsləşir.

ABŞ-ın İranla bağlı hazırkı nöqteyi-nəzərini oxumaq çətindir, lakin Böyük Britaniyanın planında “qorxulu Tehran” planları mövcuddur. Nəzərə alaq ki, Britaniya İran və Rusiyanı təhlükəsizlik mühitini pisləşdirən mənbə kimi hədəfləyib.

Britaniyanın planlarını İsrailin mövqeyi dəstəkləyir, lakin ABŞ-la onun arasında İrana aid fikir ayrılıqlarının olması mümkündür.

Pelosinin səfəri həm də İrana aid gündəliyin yoxlanılması məqsədi daşıya bilər və mümkün proseslərdə Ermənistanı dura biləcəyi nöqtəyə hazırlayırlar.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir