Cəmiyyət

Tələbələrdən sağlamlıq haqqında arayışın istənilməsi doğrudurmu? – Mütəxəssis RƏYİ + FOTO

Sharing is caring!

Bir neçə gün əvvəl ixtisas seçimlərinin nəticələri açıqlanıb. Hər il olduğu kimi, bu il də yüzlərlə abituriyent tələbə adını qazandı. Onlar yaxın günlərdə qeydiyyata alınmaq üçün qəbul olduqları universitetə üz tutacaqlar. Universitetlərin qeydiyyat üçün tələbələrdən tələb etdikləri sənədlər arasında ən diqqətçəkəni isə sağlamlıq haqqında arayışdır. Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir vətəndaşın təhsil almaq hüququ var.

Bəs sağlamlıq haqqında arayışın istənilmə səbəbi nədir? 

Bakı Dövlət Universitetinin (BDU) ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva bildirib ki, qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını universitet müəyyənləşdirmir:

“Ali məktəblərə qeydiyyat vahid formada portal.edu.az saytı üzərindən aparılır. Sağlamlıq haqqında arayışın tələb olunması daha çox yoluxucu, infeksion xəstəliklərin yayılmaması ilə əlaqədardır”.

Təhsil ekspert Asif Cahangirov hesab edir ki, tələbələrdən sağlamlıq haqqında arayışın istənilməsi çox vacibdir:

“Çünki kimdəsə vərəm və ya digər yoluxucu xəstəlik ola bilər. Yoluxucu xəstəliyi olan tələbələrin həmin vaxt digərləri ilə bir yerdə təhsil alması yolverilməzdir. Xəstəlik vaxtında öyrənilərsə, lazımi tədbir görülər. Səhiyyə Nazirliyinin xüsusi siyahısı var ki, hansı peşələr üzrə hansı xəstəliyin daşıyıcıları təhsil ala bilməz. Məsələn, dil qüsuru olan şəxs müəllim işləyə bilməz. Gərək həmin şəxs başqa fəaliyyət sahəsinə üz tutsun. Sağlamlıq haqqında arayışın tələb olunması konstitusiyaya da, digər normativ sənədlərə də uyğundur. Ürəyində problem olan şəxs bədən tərbiyəsi üzrə təhsil almamalıdır. Yəni müvafiq sənəd ona görə tələb olunur ki, həm tələbənin səhhətinin istədiyi peşə üzrə təhsil almağa imkan verib-vermədiyi müəyyənləşdirilsin, həm də bəzi xəstəlik daşıyıcılarına qarşı ehtiyatlı davranmaq gərəkdirsə, bununla bağlı müvafiq tədbirlər görülsün”.

Həkim-radioloq Aydın Əliyev isə tələbələrdən sağlamlıq haqqında arayışın əsasən üç xəstəliklə bağlı istənilməli olduğunu vurğulayıb:

“Burada məqsəd, yəqin ki, hansısa yoluxucu xəstəliyin olub-olmadığını müəyyənləşdirməkdir. Yəni bir qrupda 20 nəfərdən çox tələbə olacaq, xəstəlik daşıyıcısı olan şəxsin digərlərini yoluxdurmaması üçün əvvəldən tədbir görülməlidir. Təhsil almaq, təbii ki, hər kəsin hüququdur. Amma ola bilər ki, xəstəliyindən tələbənin özünün də xəbəri yoxdur, mövcud tələb o baxımdan da önəmlidir ki, tələbə və ailəsi məsələdən xəbərdar olsun, vaxtında müalicə alınsın. Əgər tələbənin fiziki məhdudiyyəti varsa, o, təhsilə əngəl olmamalıdır. Fikrimcə, sağlamlıq kağızı üç məsələyə – yoluxucu xəstəliyin olub-olmamasına, ruhi və psixi problemə, bir də narkotik istifadəsinə görə istənilməlidir. Yoxlamada əsas bu nüanslar yer almalıdır. Süni bürokratik əngəl yaradıb onu pul mənbəyinə çevirmək yanlışdır”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir