Cəmiyyət

Deputat: “İrəvan nə vaxta kimi susacaq?”

Sharing is caring!

Azərbaycan dünyada itkin düşmüşlərlə bağlı ən ağrılı problemlərlə üzləşən ölkələrdəndir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur. Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Prezident İlham Əliyev sonuncu Brüssel görüşündə tələblər irəli sürmüşdü. Azərbaycan dövləti hər platformada bu mövzunu qabardır, Ermənistandan bu insanların taleyi ilə bağlı izahat və informasiya istəyir. Bu xatırlatmalar da sübut edir ki, dövlətimiz üçün 4 minə yaxın vətəndaşımızın müəmmalı taleyi Qarabağın bərpası qədər önəmlidir və danışıqlarda irəli çəkilən prioritet mövzular sırasındadır. Bəs, rəsmi danışıqlarda masadakı əsas mövzulardan biri barədə suallara cavab verməyən İrəvan nə vaxta kimi susacaq?

Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan bütün hallarda prosesin sonuna kimi Ermənistan tərəfindən izahat tələb edəcək:

“Bugünədək 4 min nəfərə yaxın Azərbaycan vətəndaşının taleyi qeyri-müəyyən qalıb. Yəni, onlar I Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən əsir və girov götürülmüş insanlardır. Sonradan həmin insanlar ermənilər tərəfindən harada saxlanılıb, onların  sonrakı taleyi necə olub və s. bu barədə heç bir məlumat yoxdur. Baxmayaraq ki, bu 30 il ərzində Azərbaycan dövləti, müvafiq qurumlar, eyni zamanda Cənab Prezidentimiz bütün bu məsələ ilə bağlı ən yüksək səviyyədə beynəlxalq tədbirlərdə fikir səsləndirib, tələb qoyub ki, bizim insanlarımızın taleyi haqqında məlumat verilsin. Ancaq çox təəssüf ki, işğalçı düşmən olan Ermənistan  bunu etməyib, etmək də fikri yoxdur. Bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, xüsusilə də, Birləşmiş Millətlər Təşkilatı, onun müvafiq departamentləri, insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlar bu məsələ ilə ciddi maraqlanmayıblar, məsuliyyətsizlik, səhlənkarlıq ediblər. Ona görə bugünə kimi minlərlə insanlarımız haqqında heç bir məlumat əldə edə bilməmişik”.

“Ancaq həmin beynəlxalq qurumların, dünyanın bir sıra güc mərkəzləri olan dövlətlərin yanaşmasına baxın. Vətən müharibəsi qurtarandan sonra Ermənistan dövləti tərəfindən Azərbaycan ərazisinə məqsədli göndərilmiş bir dəstə diversant Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən həbs olundu. İstintaq olundu, məhkəmə qərarı var və onlar həbsdədir. Bu gün ermənilərin həyasız şivəninə qoşulub onlar da Azərbaycandan onların azad olunmasını tələb edirlər. Yaxşı, bu 5-10 nəfər cinayətkar erməninin qeydinə qalıb tələb edirsiniz, amma 4 min nəfərə yaxın azərbaycanlı haqqında 30 ilə yaxındır ki, heç bir məlumat yoxdur, heç bir maraqlanmırsınız da. Budur sizin ədalətiniz?! Budur sizin haqqınız?! Mən beynəlxalq qurumlara səslənirəm bu barədə. Cənab Prezidentimiz hər bir vətəndaşın qayğısına qalır, diqqət göstərir. O cümlədən də dəfələrlə hamımız şahid olmuşuq ki, ən yüksək tribunalardan Cənab Prezidentimiz səslənib və tələb edib ki, bizim insanlarımız haqqında ermənilər cavab versinlər. Çox təəssüf ki, hələ də gözləıyirik. Qeyd edim ki, 4 minə yaxın insandan elə 150 nəfəri Xocalı soyqırımı zamanı ermənilər tərəfindən girov və əsir götürülmüş insanlarımızdır. Bugünədək heç bir məlumatımız yoxdur. Biz  bu barədə tələbimizi qoyuruq. Həm beynəlxalq qurumlar, həm də Ermənistan dövləti qarşısında  ki, bizim insanlarımızın taleyi haqqında dəqiqləşdirilmiş məlumat versinlər. Əgər onlar həyatdadırlarsa, onların azad olunması ilə bağlı tədbirlər görülsün. İrəvan nə vaxta kimi susacaq?”, – deyə deputat sonda qeyd edib.

Qeyd edək ki, 30 avqust – Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir