Cəmiyyət

Kəmalə Ağazadə: “Bu gün regionlarda baş verən zorakılıqlardan nə icranın, nə də bələdiyyənin xəbəri olur”

Sharing is caring!

“Azərbaycanda qadın zorakılığı ilə mübarizə, insan alveri qurbanları ilə bağlı məsələyə münasibət bir qədər dəyişsə və dərinləşsə, yaxşı olar deyə düşünürəm. Bu mənada mən Özbəkistan modelini çox bəyəndim”.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə ölkədə qadın zorakılığına dair baş verən hadisələrə münasibət bildirərkən deyib.

O bildirib ki, Özbəkistan modelində bu kimi məsələlərin böyük yükü ərazi üzrə icra hakimiyyətlərinin üzərinə düşdüyü üçün onlar nəzarət mexanizmini asanlaşdırmaq məqsədi ilə maraqlı tətbiq hazırlayıblar:

“Orada prezident sərəncamı ilə icra hakimiyyətləri və bələdiyyəni xatırladan icmalar tərəfindən pandemiya dövründə “dəmir dəftər” dedikləri baza yaradılıb. Pandemiya dövrü sanki fürsət oldu. Düzdür, iş yerləri bağlandı, ölkəyə giriş-çıxış qadağan oldu, ailələrdə də bu və digər səbəblərdən həddən artıq problem yaranmağa başladı. Həmin bu bazaya problemli ailələrin üç istiqamətdə – aztəminatlı ailələr, əlilliyi olan şəxslər və tək yaşayan ahıl şəxslərin qeydiyyatı aparıldı. İcra hakimiyyətləri və icmalar öz inzibati ərazilərində bu kateqoriyalara uyğun şəxsləri siyahıya alırdılar. Siyahı əsasında yardımla bağlı artıq həmin şəxslərin hansı istiqamətə yönləndirilməsini, hansı qurumun fəaliyyət sahəsində onların reabilitasiyasının aparıla biləcəyinə qərar verə bilirdilər. “Dəmir dəftər” sistemi effekt verdikdən sonra “Qadın dəftəri” və “Gənclər dəftəri” sistemi də yaradıldı”.

O bildirib ki, bu bazada tənha qadınlar, himayəsində xəstə uşaqları olan qadınlar və imkansız qadınlar yer alırdı:

“O bazalarda sırf imkansız ailələr yer alır. Bununla da orada uşaqların sağlamlığı, təhsili, inklüziv təhsili nəzərdə tutulur. Bizdə çox təəssüf ki, bu cür çoxşaxəli və mərhələli sistem yaradılmayıb. Aidiyyəti qurumlar çıxışlarında biz “baza” formalaşdırırıq deyirlər, amma heç kim bilmir ki, bu hansı bazadır. Kateqoriya olaraq kimlər var orada? Hansı yardımlar edilir? Bu yardımlar birdəfəlikdir yoxsa həmin insanların gələcək həyatlarında özlərini dolandıra biləcək bir formaya gəlmələrinə kömək edir? Bütün bu suallar mənim üçün cavabsız qalıb.

Ölkədə zorakılığa məruz qalanlara yardım etmək üçün əvvəl onlardan xəbərdar olmalısan. Mən təklif verirəm, amma mənim təklifimə qulaq verən yoxdur. Yaxşı olardı ki, elə Binəqədi rayonunda ilkin olaraq bələdiyyə ilə pilot layihəyə başlayaq. İlkin olaraq siyahı hazırlansın və kateqoriyalara bölək, görək bu rayonda insanlar hansı durumdadır. Onları dövlət qurumlarına müvafiq qaydada yönləndirmək, problemli ailələri nəzarətdə saxlamaq, məişət zorakılığı faktları, insan alveri qurbanları və s. kateqoriyalara nə kimi yardımlar etmək mümkündür, bunun bölgüsü aparıla bilər. Belə halda dövlət qurumlarının da fəaliyyəti asan və bir o qədər də effektiv olacaq. Bu gün rayonlarda baş verən uşaq zorakılıqlarından, ailə daxili məişət problemlərindən qaynaqlanan bədbəxt hadisələr baş verir, nə icranın xəbəri var, nə də bələdiyyənin. Çünki heç bir siyahı yoxdur, nəzarət mexanizmi işləmir. Çünki onlar bilmir ki, onların inzibati ərazilərində təhlükədə olan neçə uşaq var. Təhlükə aşkarlandıqdan sonra artıq risk ehtiva etmir, çətini aşkarlanana qədərdir”.

“Buxarada “Mərhəmət işığı” adlı mərkəz var ki, Özbəkistanda bu mərkəzin 14 filialı mövcuddur. Təkcə bu mərkəzə 14 milyon dollar vəsait qoyulub və hər şeylə təchiz edilib. Bu mərkəzlər ölkə üzrə cəmiyyətin tələbatını araşdırıb və ona uyğun peşə kursları hazırlayırlar. Burada bərbərlik, çilingərlik, meyvə qurutma, saç ustası və digər bir çox peşələr var. Aidiyyəti qurumlar oxuyanda deyəcəklər ki, bu bizdə də var. Amma nədənsə biz bunun effektini o qədər də görmürük.

Bu mərkəzlər ölkənin tanınmış peşə sahibləri ilə müqavilə imzalayır, həmin mərkəzlərdə xidmət verir, müştərilərə də qiyməti nisbətən aşağı deməklə mərkəzlərə cəlb edirlər. Onlar burada xidmət göstərdiyi müddətdə kursa gələnlər əyani təcrübə əldə etmiş olur. Üstəlik, mərkəzə gələn müştərilər kənarda bu mərkəzin fəaliyyətini təbliğ edir. Qazanılan məbləğdən həm mərkəzə vəsait qalır, həm də həmin şəxsə faiz verilir. Prestij məsələsi də bu işlərdə PR rolu oynayır. Yaxşı olardı ki, biz də bunu tətbiq edərdik. Peşə dərslərini biz onlara ödənişli əsaslarla öyrədərdik. Amma artıq servis xidmətini ödənişli edib, gələn gəliri də QHT-lərə ayırmaq olar. Bu həm də ölkədə QHT sektorunun maliyyələşməsi ilə bağlı problemləri də aradan qaldıra bilər”, – deyə K.Ağazadə qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir