Cəmiyyət

Özünü yandıran ağaclar və onlara “kömək” edənlər: Meşələrin bərpası nə qədər çəkəcək? – FOTO

Sharing is caring!

Hər il yay fəslində müxtəlif ölkələrdə meşə yanğınlarının baş verdiyinə dair məlumat alırıq. Buna bəzən istirahətə gedən insanların diqqətsizliyi, bəzən kəskin istilər, bəzən də kimlərinsə daxildə qarışıqlıq yaratmaq – ölkəyə ziyan vurmaq niyyəti səbəb olur. Bu il Azərbaycan da həmin hadisəylə üzləşdi. Belə ki, Ağsuİsmayıllıda baş verən yanğınların bilərəkdən törədildiyi məlum oldu. Hadisə səbəbilə iki nəfər saxlanıldı.

Maraqlıdır, meşələri qəsdən yandıran şəxsləri nə qədər cərimə və cəza gözləyir? Həmçinin meşələrin özünü bərpası hansı müddətə mümkün olur? Yanğının məhv elədiyi ərazidə yeni meşə salınması yaxşıdır, yoxsa bu proses başqa ərazidə həyata keçirilməlidir?

Hüquqşünas Şamil Paşayev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxslərin ilk olaraq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə məsuliyyətə cəlb edilmələri gözlənilir:

“Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kolları, eləcə də digər yaşıllıqları məhvetmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hüquqşünas diqqətə çatdırıb ki, istintaq dövründə hadisənin təxribat olduğu dəqiq müəyyənləşdirilərsə, şəxslərə Cinayət Məcəlləsinin 282 və ya 186.2.2. maddəsilə cinayət işinin açılması ehtimalı daha yüksəkdir:

“282-ci maddəyə əsasən, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 186.2.2-ci maddədə isə qeyd edilir ki, özgənin əmlakını qəsdən yandırmaq, partlatmaq yeddi ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına səbəb olur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov isə meşələrin özünü bərpasından söz açıb. Ekoloq yanmış meşələrimizin 15-20 il ərzində özünü tam bərpa edəcəyini vurğulayıb:

“Əgər bir yerdə meşə yanıbsa, o ərazi yaxşı qorunarsa, meşə özünü bərpa edəcək. Meşələrin bərpası müxtəlif iqlim qurşaqlarında fərqli ola bilir. Bizim regionda 15-20 ilə həmin meşələr tam bərpa olunur. Elə ölkələr var ki, bərpa prosesinin başa çatması üçün orada əraziyə tezböyüyən ağacların toxumlarını səpirlər. Amma bizdə buna ehtiyac görmürəm. Ekvatorial meşələr 10-15 ilə bərpa olunur, bizdəki kimi mülayim qurşağın meşələrinin bərpası isə 20-25 il çəkə bilir. Amma söhbət tam bərpadan gedir. Adətən, bir neçə il sonra orada cavan ağaclar qalxır.

Belə bir nəzəriyyə var: Ağaclar özlərindən efir buraxırlar ki, yanğın baş versin və meşə yenilənsin. Amma təsdiqini tapmayıb. Əgər meşə salmaq üçün vəsait varsa, mütəxəssis kimi təklif edərdim ki, bu, əvvəl meşəlik olmamış bir ərazidə salınsın”.

Yeni meşələrin yanmış yerlərdəmi, yoxsa başqa ərazilərdəmi salınacağı, həmçinin bərpaya nə qədər vəsait ayrılacağı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq isə qurumdan bu mövzuda xüsusi brifinq keçiriləcəyi bildirilib.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir