Cəmiyyət

Məşhurları yuyan mürdəşir: “Onu balıqlar yemişdi” – FOTO

Sharing is caring!

Lent.az saytının əməkdaşları Təzə Pir məscidində olub, orada mürdəşirlərlə söhbətləşiblər.

Oxu.Az həmin reportajı təqdim edir:

Yuyat yerindəyik. Mürdəşirlərlə söhbət edəcəyik, amma içəridə cənazə var. Gözləməliyik ki, meyiti yuyub, yaxınlarına təhvil versinlər.

Budur, tabutda yenə meyit gətirildi, yuyuldu, son mənzilə yola salındı.

Mürdəşirlər bizi qarşılayırlar. İçəridə, düz gözümüzün qabağında yerdə iki dənə iç-içə tabut qoyulmuşdu.

Sol tərəfdə meyitlərini saxlamaq istəyən insanlar üçün xüsusi yer, sağ tərəfdə üzərində “Qadın” və “Kişi” yazılan mürdəşirlərin otaqları. Qarşımızda isə yan-yana qadın və kişi cənazələrinin yuyulması üçün yerlər. Təzə Pir məscidində dörd mürdəşir fəaliyyət göstərir. Biz gedəndə isə sadəcə ikisi orada idi. 

16 ildir ki, mürdəşirlik edən İntiqam kişi və qayınanasının mürdəşirlik işini davam etdirən Nəzakət xala. Nəzakət xala deyir ki, ondan əvvəl qayınanası 15 il burada mürdəşirlik edib, ondan öyrənib. 

İntiqam dayı deyir ki, o, bu peşəyə bekarçılıqdan gəlib.

– Mürdəşir olmağı istəməmişəm. Bekar qalmışdım evdə. Zəng elədilər ki, belə iş var, işləyə bilərsən? Mən də dedim, nöşün işləyə bilmirəm? Təzə başlayanda heç nə bilmirdim. Gəldim, elə üstündən üç-dörd saat keçməmiş cənazə gəldi. Yaxşı-pis yola verdim, ilk dəfəydi. Düzü, birinci çəkindim. Ondan sonra isə yavaş-yavaş alışdım. 

İntiqam bəy

Başqa işim olsa, mən şəxsən işləmərəm mürdəşir kimi. Traktor sürmək (bu vaxt yoldan traktor keçirdi, ona baxır), fəhləlik olsun, gedim işləyim. Amma burada işləməyim. Çünki axirətdə cavab verəcəyik. Ölü yumaq məsuliyyət tələb edir. Biz onları axirətə hazırlayırıq. Nə bilirik axı, hər şeyi düz etmişik, bəlkə, nəyisə səhv etmişik. Buna görə axirətdə boğazımızdan yapışacaqlar. Adamın ürəyində qara qalır. Pula görə gəlim cənazə yuyum, bəlkə, yaxşı iş deyil. Çox məscidlərdə necə gəldi, yalandan yuyurlar meyitləri. 

Qadın cənazələrinin yuyulduğu yerdəyik. Mürdəşir Nəzakət xala danışır: 

Nəzakət xanım

– Meyiti qoyuram buraya, sabunla yuyuram. Daha sonra başını, çiynini və çevirib arxasını yuyuram. Qarnını təmizləyirəm. Hər tərəfini yuyub pak etdikdən sonra ən sonda kafurlanmış, sidrlənmiş qüsul verirəm. Qüsul da doqquz vedrə su ilə verilir. Üçü başına, üçü sağ çiyninə, üçü də sol çiyninə tökülür. Qadınlarla kişilərin yuyulması da, qüsulu da eynidir. 

İntiqam kişi deyir ki, 13 ildir, Təzə Pirdə işləyir. Bir dəfə də olsun, buraya cinsi azlıq nümayəndəsi gətirilməyib. 

– Ola bilər, başqa yerdə olsun, amma burada olmayıb. Heç ölü dirilmə kimi hallarla da qarşılaşmamışam. Düzünü desəm, belə şeyə inanmıram. Mümkün deyil axı ölü dirilsin.

İntiqam dayı tanınmışları da yuyub…

– Tanınmış insanlardan Anar Məmmədxanlı, Səyavuş Aslan, Yaşar Nuri, “Məzi” (Elçin Həmidov), Qədir Rüstəmov və xatırlamadığım bir çoxunu yumuşam. İlhamə Quliyeva da Təzə Pir məscidində yuyulub. Onu da Nəzakətin qayınanası yuyub. 

Onların sözlərinə görə, hamı mürdəşirliyi bacarmalıdır. 

– Biz maaş alırıq. Amma bir ölünün yuyulub, kəfənlənib, təhvil verilməsi 50 manatdır. Cənazə sahibinin də halallıq verməsi onun özünə qalıb. İstəyər, verər, istəməz də – verməz. Mürdəşirliyi hamı bacarmalıdır. Birdən elə yerə düşərsən, çıxılmaz vəziyyətdə qalarsan. Elə bir yer də ola bilər ki, ölünü yumaq üçün su olmaz. O zaman onu torpaqla yumaq, qüsul vermək lazımdır. Əgər kəfən də yoxdusa, paltarıyla dəfn edilməlidir. Kimsəsizlər buradan təmənnasız yola salınır. Gücümüz ona çatır. Amma burada olan bütün prosedurlar onlar üçün pulsuz edilir. Meyitləri yuyanda bəzən olur, yaxınları su tökmək istəyirlər. Amma bu çox az hallarda olur. Eləsi var, heç içəri girmir. 

Mürdəşir deyir ki, insanların hansısa bədən üzvü kəsiləndə ayrıca o da yuyulub, basdırılır. Həmin insan ölməmiş olsa belə…

– Qız uşaqlarını xanım, oğlan uşaqlarını kişi mürdəşirlər yuyurlar. Onlar da eyni qaydada yuyulur, qüsullanır və kəfənlənirlər. Sadəcə, uşaqlara namaz düşmür. Elə olub ki, 6-7 aylıq ana bətnindən düşən uşaqları da gətiriblər. 16 ildir, mürdəşir kimi çalışıram, hər cür adam yumuşam. Bir də görürsən, boş ayaq gəlir. Kiminsə ayağı kəsilib. Onu gətirirlər, meyiti necə yuyuruq, onu da elə yuyub, kəfənləyirik. Dəfn edirlər. Ayağın məxsus olduğu insan da nə vaxt ölsə, ayağı dəfn olunan yerdə basdırılır. 

Təzə Pir məscidində ölü yuyulan yerə nəzarət edən Valeh bəy deyir ki, meyiti burada saxladanlar da çox olur.

– Bizdə ölüləri saxlamaq da olur. Neçə gün istəsən. Bir günü 20 manatdır. İndi də orada ölülər var. Kimsəsiz deyillər. Bəzisinin qohumu var, xaricdədir, ya qəbri hazır deyil, ona görə saxlayırlar. Saxlamaq istəyənlər çox olur. Xüsusən də gecə gələnlər. Və yaxud da elə adam var, 16-cı mərtəbədə yaşayır. Meyiti oradan düşürüb, sonra qaldırmaq çətin olur. Ona görə də saxlayıb, buradan aparıb dəfn edirlər. Saxlanılan cənazələr də yuyulur, kəfənlənir və ad-soyadı üzərinə yazılır ki, bilinsin. 

Mürdəşir İntiqamın sözlərinə görə, ona ən çox təsir edən balıqların yediyi meyit olub.

– Cavanların meyitləri gələndə özüm də onları ağlayıram. Qoyuram özümü onların valideynlərinin yerinə və bu mənə çox pis təsir edir. Bir nəfər var idi. Altı ay suda qalmışdı. Balıqlar yemişdi onu. Ölü olub ki, bədənini qurd basıb. Bunlar insana çox mənfi hisslər yaşadır. 

İntiqam dayı deyir ki, mürdəşirlər 1980-ci illərdən sonra üzə çıxıb. Ona qədər meyitləri öz yaxınları yuyublar.

– Ən faciəli ölümlər qəzalarda olur. Qəzada ölənlər birinci morqa aparılırlar. Onları orada yığırlar, hissə-hissə gətirilmir bura yəni. Koronavirusdan ölənlər bizdə qəbul edilmir. Buraya gətiriləndə həkim kağızında görürük ki, koronavirusdan ölümdür, geri qaytarırıq. Dəfələrlə gəliblər, biz qəbul etməmişik. Əslində, hazır idik onların gətirilməsinə, amma icazə verilmədi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir