Cəmiyyət

Ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir

Sharing is caring!

  “Biz sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq”. Bu fikri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib. Dövlətimizin başçısı görüşdə real¬laşdırılan infrastruktur layihələrinin, eyni zamanda, iş yerlərinin yaradılmasını şərtləndirdiyini də xatırladıb. Bu məsələdə sahibkarların mühüm rol oynadıqlarını diqqətə çatdıran ölkə Prezidenti onların bölgələrdə bütün quruculuq işlərinə fəal qoşulduqlarını yüksək dəyərləndirərək, özəl bölmə rəhbərləri tərəfindən açılan iş yerlərinin xüsusi əhəmiyyət daşıdığı¬nı bildirib. Bunu respublika əhalisinin getdikcə artması ilə əlaqələndirən dövlət başçısı hazırda əhalinin 10 milyondan artıq olduğunu deyib. Bu isə ölkədə yeni iş yerlərinin yaradılmasını qarşıya prioritet vəzifə kimi qoyub.
   Bu gün Azərbaycan cəmiyyətinin həmrəylik nümayiş etdirdiyini, ölkədə gedən prosesləri, bizim xarici və daxili siyasətimizi dəstəklədiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi”. 
   Çox ciddi məsələnin torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı olduğunu bildirən dövlətimizin başçısı deyib: “Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır”. Sahibkar¬lığın inkişafına prezidentlik fəaliyyətinin ilk günlərindən xüsusi önəm verdiyini qeyd edən ölkə rəhbəri həyata keçirilən tədbirlər nəticəsində ümumi daxili məhsulun əksər hissəsinin məhz özəl sektorda, qeyri-neft sahəsində istehsal olunduğunu vurğula-yıb, indiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşdüyünü deyib. Bu sözlər bizim hamımız üçün proqram xarakteri daşıyır, məsuliyyət tələb edən tapşırıqdır. Rayonumuzda kənd təsərrüfatının inkişafı üçün də çox gözəl imkanlar var.  Bizim kəndlərdə də  müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır. Müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir.

Xanlar Mirzəyev, sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir