Cəmiyyət

Hacı Təyyar: “Qurbanın məğzi məhz ət hədiyyəsidir”

Sharing is caring!

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləridir. Qədimdən mövcud olan bu bayram müsəlmanların ən müqəddəs iki bayramından biri hesab olunur. Bayramın əsas ritualı qoyun, qoç, inək kimi əti halal olan heyvanların kəsilməsi və yaxın çevrədəki ehtiyacı olan insanlar arasında bərabər paylanılmasıdır. Lakin buna baxmayaraq, son günlər bayramla əlaqədar sosial şəbəkələrdə maraqlı iddialar səslənir. Bəzi şəxslər qurbanlıq heyvan almağa xərcləyəcəkləri pulla ehtiyacı olan şəxslərə maddi dəstək göstərəcəklərini və bunun böyük savab olduğunu bildirirlər.

Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən İlahiyyatçı Hacı Təyyar, Qurban bayramında ehtiyacı olan şəxslərə maddi yardım göstərilməsinin qurban hesab olunmadığını vurğulayıb:

“Qurban bayramı artıq əsrlərdir, insanlara tanış bir mənəviyyat bayramıdır. Bu bayramda olan ritual hər kəsə bəllidir; İnsanlar əti halal olan iri və xırdabuynuzlu heyvanları kəsirlər, onun ətini yaxın ətrafdakı ehtiyacı olan insanlara paylayırlar. Bu, qurbanların kəsilməsi fəlsəfəsidir və Hz.İbrahimin məhz Həcc ziyarəti ərəfəsində Mina dağında oğlu İsmayılı Allaha qurban kəsmək istəməsi fikrindən qaynaqlanır. Halbuki İslam fəlsəfəsində insandan qurban olmaz. Bu sadəcə bir dostluq sınağıydı ki, Hz.İbrahim oğlunu Allah Təalaya qurban verə biləcəyini göstərdi. Ona Xəlilullah deyildi, yəni Allah Təalanın əsl dostu. Beləliklə, Qurban bayramı bir dostluq, fədakarlıq bayramı kimi qeyd olunmağa başladı. Ən böyük bayram mənəviyyat sınağından çıxmış kamil insanların etdiyi bayramdır. Kimlərsə düşünürsə ki, qurban kəsmək yerinə onun pulunu ehtiyacı olan şəxslərə verəcək və qurban hesab olunacaq, bu, doğru yanaşma deyil. Pul ianəsi, ehsanı, sədəqəsi, ümumiyyətlə, pulla yardımlaşma tamamilə fərqli mövzudur”. 

Həmsöhbətimiz xüsusilə Həcc ziyarətində olan şəxslər üçün qurban kəsməyin vacib olduğunu qeyd edib:

“İslam dinində xüms deyilən anlayış var, insan qazancının beşdə birini kimlər üçünsə ayırmalıdır. Amma Qurban bayramı müsəlmanların iki böyük bayramından biridir. İmkan varsa, əti halal olan heyvan kəsilməli və ətrafdakılarla paylaşılmalıdır. Bunu Həcc ziyarətinə getmiş şəxslər mütləq etməlidir. Həcc ziyarətində olmayanlar üçün isə bu əməl vacib deyil, onların bunu etməsi sadəcə məsləhət görülür. Bu, maddi və mənəvi həmrəylik yaradır, bayram əhvallı göstərişdir. Kim istəyir, bayram günü ehtiyacı olana maddi dəstək ola bilər, ancaq bunun öz təyinatı var, qurban sayılmır. Qurbanın məğzi məhz ət hədiyyəsidir”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir