Cəmiyyət

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət

Sharing is caring!

Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov məhkəmələrin istintaqın təsiri altında olduğunu, proses zamanı və hökm verilərkən hüquq-mühafizə orqanlarının təqdim etdiyi sübutların əsas götürüldüyünü qeyd edərək narazılığını bildirib.

V.İsrafilov bildirib ki, icraatında olan işlərdə dəfələrlə müşahidə edib ki, məhkəmə istintaqın aşkar surətdə qanunvericiliyin tələblərini pozması hallarına göz yumur:

“Qanunvericilikdə müdafiə tərəfinin paralel istintaq aparmaq hüququ nəzərdə tutulsa da, məhkəmə ittiham tərəfinin sübutlarını əsas götürür, bizim sübutlarımıza qiymət belə, vermirlər. Vəsatətlərimiz təmin olunmur, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmır.

Oxşar hallar müvəkkilim İbrahim İbrahimovun işində də özünü göstərir. Hazırda bu işə Ali Məhkəmənin hakimi Əziz Seyidovun icraatında baxılır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ədliyyə Naziriliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin yardımı ilə İbrahim İbrahimovun evindən aşkarlanmış çətənə bitkisinin miqdarı artırılıb. Prokurorluq və məhkəmə isə bu hala göz yumur”. 

Narkotik satışında ittiham edilərək həbs edilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsində həmin maddə üzrə bəraət alsa da, apellyasiya instansiyası onu təkrar təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

İş üzrə təqsirləndirilən İbrahim İbrahimov və onun vəkili Vasif İsrafilov qərardan kassasiya şikayəti verərək məhkəmənin hərtərəfli araşdırma aparmadığını və yekunda ədalətsiz qərar çıxardığını qeyd ediblər.

İttihama görə, İbrahim İbrahimov Yevlax rayonunda yerləşən və əvvəldən icarəyə götürdüyü torpaq sahəsinin icarə müqaviləsi bitdikdən sonra orada külli miqdarda narkotik əkərək yetişdirib və sonra satışını həyata keçirib.

İ.İbrahimov 14,7 kq narkotiki kustar üsulla yetişdirməkdə və 1315 qram qurudulmuş marixuana hazırlamaqda təqsirləndirilib. Buna görə o, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik satışı), 237.1-ci (narkotik yetişdirmək) və 188.1-ci (torpaq üzərində icarə hüququnu pozma) maddələri ilə təqsirləndirilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən İbrahim İbrahimov bildirib ki, bir neçə ildir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir: “Yalnız özüm istifadə etmək üçün 8-12 dənə çətənə əkmişdim. Həmin kolları toplayıb ondan istifadə edirdim”.

İ.İbrahimov qeyd edib ki, istintaq narkotik kollarının sayını, çəkisini qəsdən və əsassız olaraq şişirdib:

“Kolların sayının az olması, evdən çıxan marixuananın çəkisinin cəmi 200 qram olması əməliyyat vaxtı çəkilən videoda da aşkar görünür. Kolların istintaqda qeyd edilən sayda olması, marixuananın çəkisi heç bir halda sübut olunmur”.

Hakim Nahid Mirzəyev məhkəmə araşdırması nəticəsində belə nəticəyə gəlib ki, təqsirləndirilən İbrahim İbrahimov çətənə kollarını yalnız öz istifadəsi üçün əkib. Məhkəmədə İ.İbrahimovun torpaqdan icarə hüququnu pozması sübut olunmadığı üçün həmin maddə üzrə bəraət alıb.

Narkotik satışı üzrə ittiham da istintaq tərəfindən sübut edilmədiyi üçün həmin maddə narkotik yetişdirilməsi maddəsinə tövsif edilib. Bu ittihamla İbrahim İbrahimov dörd il müddətinə azadlıqdan məhrum edilib.

Lakin prokurorluq hökmdən apellyasiya protesti verib və Şəki Apellyasiya Məhkəməsi hökmü ləğv edərək İbrahim İbrahimovun narkotik satışı həyata keçirdiyi qənaətinə gəlib və onun cəzasını 7 il 6 ay müddətinə artırıb.

V.İsrafilov qərardan verdiyi kassasiya şikayətində qeyd edib ki, evdən və bitkilərin əkildiyi ərazidən narkotikin götürülməsi zamanı çəkilən videogörüntüdə aşkar görünür ki, faktiki çəkisi 350 qram civarında olan narkotikin çəkisi şişirdilərək 1315 qram göstərilib:

“Həmçinin, videoda görünür ki, çəkisi bir kiloqrama yaxın olan, torpaq sahəsindən götürülən narkotik xassəli bitkilərin çəkisi şişirdilərək 13450 qram yazılıb.

Ekspert üzərindəki narkotik bitkilər toplandıqdan sonra kənara atılan kolları da marixuana kimi qiymətləndirib. İbrahim İbrahimov çəkiliş zamanı da buna etirazını bildirib. Həmin torbalarda olan bitkilər təmizləndikdən sonra onun tərkibində narkotik xassəli hissə ancaq 200-250 qram olar. Sübuta ehtiyac olmayan faktdır ki, çətənə kollarının narkotik tərkibli ancaq onun baş hissəsi, yəni toppuzudur.

Videogörüntüdə görünən torbalar təkrar çəkilsə, həmin torbaların ümumi çəkisi 400 qramdan artıq olmadığı aşkar olunacaq. Videoda ərazidən 13-14 kolun götürülməsi görünür, istintaq isə 54 ədəd kol yazıb. 

Bundan başqa, İbrahim İbrahimov bir neçə ay əvvəl digər kolları çıxararaq narkotik hissəsini yığıb, kollarını isə kənara tullayıb. Həmin kollar günvurma nəticəsində məhv olub, üzərində torpaq hissəsi də var. İstintaq üzərində narkotik olmayan həmin kolları da bütün çəkisi ilə narkotik kimi qeydə alıb. Bu isə qanunaziddir. 

Həmçinin, ərazidə digər səkkiz kol yabanı halda bitib, İbrahim İbrahimov onlara aqrotexniki qulluq etməyib. Məhkəmədə ekspert Arif Məmmədov ifadə verərək bunu izah edib. Ekspert əlavə edib ki, əraziyə baxış zamanı məhv olunması üçün tullanmış kollar sayılmayıb, polis əməkdaşlarının tərəzisi olsa da, həmin kisələr çəkilməyib.

“Buna görə də hesab edirik ki, maddi sübütlar məhkəməyə təqdim edilsə və təkrar eksperiment aparılsa, narkotik çəkisinin xeyli az olması, kisələrdə 13-14 ədəd kolun olması aşkarlanacaq”, vəkil qeyd edib.

V.İsrafilov kassasiya şikayətində Ali Məhkəmədən qeyd edilən halları nəzər alaraq, ədalətli qərar verərək bu halların araşdırılması üçün işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir