Cəmiyyət

Kitaba vaxtı olmayıb, “TikTok”da gəzənlərin nağılları

Sharing is caring!

Qan Turalı yazır…

Hamı kitab oxumaq istəyir, ancaq vaxtı yoxdur. Bu bəhanə hər gün qulağımızın dibində səslənir. Ya da hər gün eşitdiyimiz başqa bir bəhanə: “Elektron kitab oxuya bilmirəm, əsl kitabın yerini vermir”. Bunu gündə beş saat sosial şəbəkələrdə veyillənən adam deyir. Bir də üçüncü bəhanə: “İnternet çıxandan kitab oxuyan yoxdur”.

Müasir dünyada, doğrudan da, vaxt çox qıt bir şeyə çevrilib. Sosial şəbəkələrdən başlamış müxtəlif oyunlara, video platformalarına, minlərlə kanalı olan televizorlara qədər hər bir şey insanın 24 saatına şərikdir. Ancaq gün ərzində cəmi 20 dəqiqə mütaliəyə vaxt ayırsaq, aya azı bir roman bitirə bilərik. Deməli, problem vaxtda deyil. Bakı kimi bir meqapolisdə yaşayan insanın gününün azı 90 dəqiqəsi yollarda keçir. İctimai nəqliyyatda on adamın birinin əlində kitab görməzsiniz. Şəxsi maşını olanların nə qədəri audiokitaba qulaq asır?

Biz vaxtı sevgimizə görə yaradırıq. Sevdiyimiz bir adama çox zaman ayırırıq, zəhləmiz getdiyinə – az. Kitab oxumağı sevsəydik, əlbəttə ki, ona da zaman ayırardıq. Sevmək nədir bəs? Sevmək daxili bir tələbatdır. Usta Zeynal hekayəsini xatırlayaq. Usta Zeynal Qurbana Ağa Sadıqdan belə şikayətlənir:

“Görürsən sizin o binamus Ağa Sadığı? Keçən həftə olarda işliyirdim. Məlunun dövləti həddən aşıb. Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən? Niyə bir Kərbəla ziyarətinə getmirsən? Həyasız oğlu həyasız on iki imama and içir ki, mümkün eliyə bilmirəm. Niyə mümkün eliyə bilmirsən, ey ləvənd? Niyə bəs imarət qayıtdırmağı mümkün eliyirsən? Niyə bəs at saxlamağı, mahıt çuxa geyməyi, üç arvad almağı mümkün eliyirsən? Daha sənin ermənidən nəyin artıqdır? Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər. Gəc ver!..”

Qurban pillələri çıxa-çıxa başladı:

“Usta, Allah atana rəhmət eləsin. Ağa Sadığın heç taxsırı yoxdur. Ağa Sadıq neyləsin? İmam özü gərək adamı istəyə; əgər imam istəməsə, nə cür ziyarətə getmək olar?”

Doğrudan da, gərək bəzən kitab adamı istəyə… Çünki insanın mənəvi dünyası dərin, xəyalı uca, fikri dərin olduqca yaşadığı aləmdən uzaqlaşmaq daha böyük və ali həqiqətlərə çatmaq, beynindəki suallara cavab tapmaq istəyir.

İnternetin inkişafı ilə mütaliə səviyyəsinin düşməsi barədə iddialara gəlincə… Görkəmli yazıçı Herman Hesse hələ texnoloji inkişafın erkən zamanlarında yazırdı: “Doğrudur, son vaxtlar kino və radio populyarlaşıb, amma belədə əsla kədərlənməyə dəyməz. Gələcəkdə kitabın Yer üzündən yox olmaq təhlükəsi barədə düşünüb, qorxu hissi keçirməyin heç bir məntiqi əsası yoxdur. Əksinə, digər yeni ixtiralar hesabına insanların əyləncələrə olan müəyyən ehtiyaclarının ödənilməsi ilə daha çox kitabın dəyəri, məziyyətləri ona qayıtmış olur”.

Doğrudan da, kitab uzun bir müddət əyləncə, vaxt keçirmək vasitəsi olmuşdu. Bizdə Sovet dövründə də vəziyyət eynilə bu cür idi. Birkanallı televiziya dövründə insanlar başqa neyləyə bilərdilər ki? Ancaq müasir dövrdə vaxt keçirmək üçün kitab oxuyanlar sosial şəbəkələrə getdikləri üçün mütaliə səviyyəsi aşağı düşüb.

İnternet bu kontekstdə kitaba rəqib deyil, çünki kitab əyləncə deyil. ABŞ-da 2012-ci ildə 591 milyon kitab çap edilmişdisə, keçən il bu rəqəm 826 milyona qədər artmışdır. Amerikada internet yoxdur? Yoxsa, “Netflix” yoxdur?

Elektron kitaba gəldikdə isə, ABŞ-da Avropanın əksinə, elektron kitaba maraq durmadan artır. Əlbəttə ki, kağız kitabla elektron kitab arasında texniki və praktik baxımdan fərqlər çoxdur. Ancaq insan oxumağı ürəkdən arzulayırsa, o asanlıqla elektron kitab oxuya və hətta onu sevə də bilər. Çünki elektron kitabda bir çox üstünlüklər də var. Üstəlik, ölkəmizdə Milli Kitabxanadan tutmuş Prezident kitabxanasına (ebooks.az) qədər son dərəcə zəngin və tamamilə ödənişsiz elektron kitab xəzinəsi də var.

Təki imam adamı istəsin…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir