Cəmiyyət

Xəzər dənizinin səviyyəsinə təsir edən amillər açıqlandı

Sharing is caring!

“İqlim amili ilə formalaşan Xəzər dənizinin su balansının komponentləri, Xəzərə tökülən çay axımları, dəniz səthinə düşən yağıntılar, Xəzərin səthindən buxarlanma, Xəzərə axan yeraltı sular, Qaraboğazgölə axımlardır. İqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər isə günəş aktivliyi, qabarma-çəkilmədir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fəxrəddin Qədirov Bakıda keçirilən Xəzərlə bağlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Akademik əlavə edib ki, Xəzərin səviyyəsinin tərəddüdünə səbəb olan amillər arasında əsasən bunlar göstərilir:

“Xəzər dənizinin səviyyəsində tərəddüdlərlə seysmik proseslər arasında əlaqələrin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar bu prosesdə yeraltı təkanların qismən rol oynadığını ortaya qoyub. Cənubi Xəzər plitəsinin kənarının seysmik hadisələr hesabına hətta əhəmiyyətsiz yerdəyişmələri həm zəlzələlərin əmələgəlmə prosesi zamanı, həm də onların baş verməsindən sonra dəniz səviyyəsində nəzərəçarpacaq fluktuasiyalara səbəb olur. Su balansı və seysmik təsirlə hesablanmış səviyyənin dəyərləri ilə səviyyənin həqiqi mövqeyi arasındakı bu cür uyğunsuzluq Xəzər dənizinin səviyyəsinin tərəddüdünün təkcə iqlim amilləri ilə deyil, həm də bu bölgənin yer qabığında baş verən tektonik hərəkətlərlə də bir əlaqəsi olduğunu göstərir.

Bu əlaqəni iki hövzədən – Bakıdan Türkmənbaşıya (Krasnovodsk) uzanan Abşeron astanası ilə ayrılan nisbətən dayaz şimal və dərin cənub-su hövzələrindən ibarət olan Xəzər hövzəsinin geoloji quruluşunda və geodinamik xüsusiyyətlərində axtarmaq lazımdır.

Hövzələrin struktur mənsubiyyəti də fərqlidir. Şimal hissəsi epihersin platformasına, cənub hissəsi Alp-Himalay qırışıqlıq sisteminə aiddir. Xəzər dənizi səviyyəsində müşahidə edilən fluktuasiya dəyişmələrinin öyrənilməsində seysmik hadisələrlə yanaşı, yamac hərəkətlərinin və palçıq vulkanlarının aktivliyinin diqqətə alınması da vacibdir.

Bu günə kimi iqlim dəyişmələri və tektonik proseslərlə səviyyə tərəddüdlərini əks etdirən tam fiziki model mövcud deyildir”, – Fəxrəddin Qədirov əlavə edib.

Akademik qeyd edib ki, Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir.

Onun sözlərinə görə, problemlərin elmi həlli Xəzəryanı dövlətlərin birlikdə aparacaqları tədqiqatlara bağlıdır:

“Xatırladaq ki, 2018-ci il avqustun 12-də beş Xəzəryanı ölkənin – Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın liderləri 22 ildir üzərində işlənən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Bu konvensiya Xəzərin problemlərinin birlikdə öyrənilməsi üçün geniş imkanlar yaradır”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir