Cəmiyyət

Azərbaycan-Özbəkistan əlaqələrində
canlanmanın parlaq təzahürü

Sharing is caring!

  Budəfəki dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir.  Prezident İlham Əliyevin səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Diqqətçəkən məqam isə bu səfərin 25 il əvvəl ulu öndər Heydər Əliyevin dost ölkəyə səfərinin tarixi ilə üst-üstə düşməsidir.       
   Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.  Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir. 
   Hamıya yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı.  Ölkələrimiz arasında cari münasibətlərin strateji istiqamətləri məhz Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı müəyyənləşdirilib. 
    Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: “Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir”. 
   Prezident İlham Əliyev Özbəkistana səfərini həqiqətən sıçrayış xarakterli səfər adlandıraraq qeyd edib ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Ələsgər Mirzəzadə, ADPU-nin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir