Cəmiyyət

“Töhmətli” yemək: Bufet müdiri tələbəyə qadağa qoya bilərmi? – AÇIQLAMA + FOTO

Sharing is caring!

Universitetlərdə bufetlərin fəaliyyəti vaxtaşırı problemli məsələ kimi gündəmə gəlir. Müxtəlif şirkətlərin icarəyə götürdükləri bufetlərdə çox zaman qiymətlər əl yandırdığı üçün tələbələr çıxış yolu kimi kənardan daha sərfəli qiymətə yemək alır, ya da özləri ilə gətirirlər.

Elə ikinci kurs tələbəsi olan Məmmədli Aişə kimi. Onun sözlərinə görə, təhsil aldığı universitetin bufetində verilən yeməklər tələbənin cibi üçün elə də sərfəli deyil:

“Bufetə çox zaman çay və qəhvə içmək üçün gedirəm. Çünki yeməklərin qiyməti yüksək, amma həcmi çox kiçikdir, doymaq üçün gərək ikiqat xərc çəkəsən. Ona görə də yeməyimi kənardan alıram. Bu da bufetdəki işçilərin xoşuna gəlmir və tez yeyib qalxmağımızı tələb edirlər”.

Universitetlərdə bufetlərin fəaliyyətinin necə tənzim olunması isə çoxlarını düşündürən mövzudur.

İqtisadçı ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, icarə və qiymət məsələləri şirkət tərəfindən tənzimlənir:

“Universitet daxilində hansısa şirkətin və ya sahibkarın bufetdə xidmət göstərməsi universitet rəhbərliyi və birbaşa şirkət arasında olan məsələdir. Yalnız universitet rəhbərliyi qiymətlərlə bağlı universitetin içərisində fəaliyyət göstərən ictimai iaşə obyektinə hansısa formada qaydalar qoya, tənzimləyə bilər. Lakin bu halda tələbələrə də seçim imkanı verilməlidir. Necə ki bufetlərdə qiymətlərin aşağı salınması və tənzimlənməsi kimi məsələlərə kimsə müdaxilə edə bilmirsə,  şirkət də tələbənin seçiminə hörmətlə yanaşmalıdır. Tələbəyə özü ilə yemək gətirib bufetdə yeməsi qadağan olunmamalıdır. Bu qərar universitetin də imicinə zərərdir. Həmçinin tələbənin bufetdə qidalanması üçün həm qiymət, həm də rahatlıq baxımından münbit şərait də yaradılmalıdır”.

Hüquqşünas Əlövsət Allahverdiyev isə Oxu.Az-a açıqlamasında qoyulan qadağanın qanunla yolverilməz olduğunu bildirib:

“Qadağanın mahiyyəti belə, düzgün deyil, insan azaddır, harada istəyər, əyləşər, nə istəyirsə, alar. Əgər qida zərərli olarsa, bu halda müdaxilə ola bilər. Lakin şirkət şəxsi mənafeyinə görə tələbələrə kənar qidanı bufetə gətirməyə qadağa qoyursa, bu, əsassızdır və heç bir qanuna sığmır. Bu qadağa birbaşa olaraq insanın şəxsi seçiminə, azadlığına məhdudiyyətin qoyulması deməkdir”.

Xatırladaq ki, Xəzər Universitetinin tələbələri dünən təhsil aldıqları məktəbin bufetində onlara qadağa qoyulduğunu bildiriblər. 

Sosial şəbəkədə paylaşılan fotoda bufetin müdiriyyətinin tələbələrə kənardan yemək gətirməyi qadağan etdiyi, üstəlik töhmətlə hədələdiyi əks olunub. 

Bu gün isə həmin xəbərdarlığın yığışdırıldığı bildirilib.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir