Cəmiyyət

Gənclərə “Viki-mən” layihəsi çərçivəsində “Vikipediya” təlimləri keçirilib – FOTO

Sharing is caring!

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Virtual Elektron Fəaliyyət Cəmiyyətinin və “Qorqud” Vikipediya Metodik Klubunun tərəfdaşlığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında qurumun Elektron Resurslar şöbəsinin mütəxəssisi Səbinə Abizadə tərəfindən 8 sessiyadan ibarət bir aylıq “Viki-mən” layihəsi keçirilib. 

Azərbaycan Respublikasının Gənclər Fondundan bildirilib ki, layihənin məqsədi gənclərə “Vikipediya” haqqında ətraflı məlumat vermək, onlara virtual ensiklopediyanın iş prinsiplərini, məqalələrin yaradılması və məlumatların yerləşdirilməsi qaydalarını praktiki şəkildə öyrətmək, eləcə də “Vikipediya”da etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayını artırmaq olub. 

Layihənin bağlanış mərasimində AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, Rüstəm Qaraxanlı və digər qonaqlar, təlimçi-ekspertlər, layihə iştirakçıları və üzv gənclər iştirak ediblər.

Natiqlər “Vikipediya”nın Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini müxtəlif dillərdə təqdim edən əhəmiyyətli platformalardan biri olduğunu, davam edən informasiya müharibəsində, ölkəmizin milli maraqlarının, Azərbaycanın haqlı mövqeyinin təmin olunması istiqamətində əsas gücün gənclərin, xüsusilə xarici dillərdə çatdırmağı bacaran nəslin üzərinə düşdüyünü diqqətə çatdırıblar. Çıxışlar zamanı gənclərin təlimlərə göstərdiyi marağı və mövzunun aktuallığını nəzərə alaraq belə layihələrin mütəmadi olaraq keçirilməsi vacibliyi vurğulanıb. 

Layihə çərçivəsində müsahibə mərhələsindən uğurla keçmiş 14 gənc “Vikipediya”dan istifadə qaydaları, qeydiyyatdan keçmə, “Vikipediya”da məqalə yaratma, mövcud məqalələr üzrə redaktə, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi və s. mövzularda bilik və bacarıqlarını artırıb, öyrəndiklərini praktikada tətbiq ediblər. Layihə müddətində iştirakçılar tərəfindən 100-dən çox məqalə yaradılıb, redaktələr olunub. Layihəni müvəffəqiyyətlə başa vuran 10 iştirakçı sertifikat və diplomlarla təltif olunub.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir