Cəmiyyət

İnsanlar çoxmərtəbəli binalara ona görə köçdülər ki, uşaqlarını oradan öz eqolarına qurban versinlər…

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Heç bir imtahan, heç bir imtahanın nəticəsi uşağa travma yaşatmalı deyil! Valideynlər sanki yarışa çıxıblar, kim öz uşağını daha tez öldürəcək deyə. 

Xəbər verildiyi kimi, may ayının 3-də saat 12 radələrində 17 yaşlı Xumar Babayeva özünü çoxmərtəbəli binanın eyvanından ataraq intihar edib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, yeniyetmə qızın intihar etməsinə səbəb kimi imtahanda zəif nəticə göstərməsi müəyyən edilib.

Bir neçə gün əvvəl anamla kardioloqa getmişdik. Həkimə 15-16 yaşında qız da gəlmişdi. Anasının dediyinə görə, qız müəllim yanına, hazırlıqlara gedir və çox yorulur. Ürək aritmiyası təyin olundu. Həkim də dedi ki, uşağı çox incitməyin. Bu hələ düşünən, uşağa qayğı göstərən valideyndir. Nə qədər ağına-bozuna baxmayan “valideynlər” var. 

Bəli, hamı istəyir ki, uşağı ən gözəl ali məktəblərdə təhsil alsın, daha sonra ən gözəl vəzifələrdə çalışsın. Amma hər uşağın bir potensialı var. Biri dahi doğulur, kvant fizikası onun üçün 2+2 kimi asan olur. Biri də daha zəif potensialda dünyaya gəlir. 

Nə edək, öldürək zəifi? Döyə-döyə müəllim yanına göndərib xəstə edək? Ya üstünə gedək, “bizi qohum-qonşuda biabır elədin” deyib uşağı intihara sürükləyək? 

Təbiət dediyin bir amil var sonunda. Şam ağacında alma bitmir və bitməyəcək. 

Öz eqomuzu, bəhsəbəhsliyimizi uşaqların başında nə vaxta qədər sındıracağıq? 

Cəmiyyət kütləvi psixoz yaşayır. 

Hər kəs “mən daha bahalı maşın alacağam, daha bahalı evdə yaşayacağam, uşağım daha bahalı məktəbdə oxuyacaq və s.” deyir, düşünür və bunu aqressiv hala gətirib. 

“Lexus”dan düşüb moped sürücüsünü döyən adam da bu aqressiyanın nəticəsidir. Mən, mən, mən!!! Daha böyük, daha zırpı, daha yekə!

Biz artıq balaca evlərdə xoşbəxt yaşaya bilmirik. Biz texnikum diplomlu övladımızı sevə bilmirik. Biz hamımız “Forbes” jurnalının üz qabığında olmaq üçün yaranan adamlarıq axı. Necə yəni?! 

Hər gün daha çox anlayıram ki, mən burada yaşamaq istəmirəm. Bu qədər aqressiya, paxıllıq, neqativ dünyanın heç bir yerində yoxdur. 

İnsanlarımız çoxmərtəbəli binalara ona görə köçdülər ki, uşaqlarını oradan öz eqolarına, ad-sanlarına qurban versinlər…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir