Cəmiyyət

BÖYÜK BİRLİYİN VƏ QARDAŞLIĞIN TƏCƏSSÜMÜ

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə mühüm və kifayət qədər ciddi mesajlarla diqqəti cəlb etdi. Dövlətimizin başçısı Cənubi Qafqaz bölgəsində ölkəmizin gələcəklə bağlı rəsmi mövqeyini nümayiş etdirdi və qardaş Türkiyə, eləcə də qonşu dövlətlər ilə münasibətlərin perspektivlərinə dair tutarlı proqnozlar ortaya qoydu. Heç kəs üçün sirr deyil ki, Türkiyə Azərbaycanın mühüm iqtisadi və siyasi tərəfdaşıdır. Türkiyə və Azərbaycan xalqları ortaq tarixi köklərə və mədəni dəyərlərə malikdir. Ona görə də, bu iki ölkə arasında çoxdan qüvvədə olan dostluq və strateji tərəfdaşlıq haqqında Müqaviləni nəzərə almaqla, Şuşa Bəyannaməsinin imzalanması tamamilə qanunauyğundur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında Türkiyənin həm hərbi-texniki, həm də siyasi dəstəyi olduqca qiymətlidir. Hazırda Türkiyə bu regionda sülhün qarantlarından biridir. Türkiyə hərbçiləri Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət mərkəzinin fəaliyyətində iştirak edirlər. Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan müharibəni ləyaqətlə apardı və müharibəyə xas olan bütün qaydalara riayət edildi. Lakin Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək Azərbaycanı durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldu. Dövlətimizin başçısı müsahibədə Türkiyə ilə Azərbaycanın münasibətlərində vahid siyasətin formalaşması, iki qardaş ölkənin sarsılmaz dostluğu və birliyi ilə bağlı söylədiyi fikirlər yeni anons xarakteri daşıyır, Türkiyə- Azərbaycan birliyi artıq regional amildir və bu, qlobal amilə də çevrilə bilər. Beləliklə, Azərbaycan və Türkiyə bölgədə sülh və sabitlik üçün birgə addımlayır, region ölkələrini əməkdaşlıq mühitində birləşdirən layihələr reallaşdırır: Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Milli Məclisdə çıxışı bildirdiyi kimi, 44 günlük Vətən müharibəsində qazanılmış zəfər Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçiliklər aradan qalxacaq. Bununla da region ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxacaq. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi də bölgəyə rahatlıq və zənginlik gətirəcək.

Zakir Əliyev, Cəlilabad şəhər sakini,ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir