Cəmiyyət

AZƏRBAYCAN TOLERANTLIQ MƏKANIDIR

Sharing is caring!

Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.
Ulu öndər Heydər Əliyev sağlığında demişdi: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”.
Biz bu gün xoşbəxtik ki, bu arzu yerinə yetmişdir. Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi.
İlham Əliyevin və Mehriban xanımın azad olunmuş ərazilərdə ilk qədəmləri ilə məscidləri ziyarət etmələri hər şey deməkdir. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Bu ilki Qurban bayramı da Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır.
Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Əziz həmvətənlər! Qurban bayramı insanların bir-birinə diqqət və göstərdiyi, bir-biri ilə Allahın verdiyi qisməti bölüşdüyü müqəddəs bir gündür. Bu hadisə həm də Azərbaycan Respublikasının rəsmi bayramlarından biri – Qurban bayramıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı ölkədə də dövlət səviyyəsində bayram edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Bu əziz günlərdə qurbanlarınızın və dualarınızın qəbul olmağını arzulayır, hər birinizə möhkəm cansağlığı, könül xoşluğu, iş avandlığı diləyirik!
Loğman Hüseynov, Cəlilabad Rayon İcra Hakimiyyətində dini qurumlarla işin təşkilatçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir