Cəmiyyət

HEYDƏR ƏLİYEV MƏNƏVİ SAFLIĞIMIZIN QARANTI OLMUŞDUR

Sharing is caring!

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət- ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən kəşməkəşli mərhələlərində mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Hətta insanların yaddaşında ateizm mərhələsi kimi qalan Sovet dönəmində də xalqımız öz milli-mənəvi dəyərlərindən, dini baxışları və adət- ənənələrindən uzaqlaşmamış, əksinə milli və dini əxlaqa söykənərək xeyirxah işlər görərək, qohum-qonşulara, maddi yardıma ehtiyacı olanlara əl tutaraq savab qazanmağa can atmışlar. Eyni zamanda, xalqımız həmin dövrdə bir çox qadağalara baxmayaraq milli bayramlarını da qeyd etmişlər. Ulu öndər Heydər Əliyev bu haqda demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Bu baxımdan ulu öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir: “…Biz öz milli- mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik.

Respublikamızda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etmişdir. Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşdürmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, ulu öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, dünyanın ən ləzzətli təamlarını nuş etmək, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə bəlkə də maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərməğan edilməlidir. Ulu öndər özünün mənəviyyatla bağlı məşhur bəyanatında milli mentalitetlə əlaqədar demişdir: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının gündən-günə artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.
Xanım Məmmədova, Göytəpə şəhər sakini, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir