Cəmiyyət

TARİXƏ YAZILMIŞ QARDAŞLIQ NÜMUNƏSİ

Sharing is caring!


Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir.
İmzalanmış Bəyannamə eyni zamanda tarixə əsaslanır. Bu sənəddə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin təcəssümüdür.
Dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli həmkarına “Doğma Vətəninizə xoş gəlmisiniz!” müraciətinin bir daha bu birliyin daimiliyinin, ən əsası ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının dünyaya təqdimatı oldu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da bu birliyin təqdimatıdır. Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamənin strateji əhəmiyyəti. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir. Əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək.
Bütün bunlar o deməkdir ki, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji istiqamətlərindən biridir. Sülh Ermənistanın yeganə çıxış yoludur. Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha qabarıqdır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatışmazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq. Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Fərqanə Məmmədova, YAP Cəlilabad rayon təşkilatının qadınlar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir