Cəmiyyət

Azərbaycan dili imtahanından Dilçilik İnstitutunun xəbəri yoxdur? – “Bir saat özlərini təriflədilər” + FOTO

Sharing is caring!

Hər bir ölkənin dövlət dilinin təsbit olunmuş normaları var. Həmin normalar isə müvafiq istiqamətlər – yeni terminlər, alınma sözlər istisna olmaqla, standart qaydalara uyğun olaraq təbliğ edilir. Hətta bir çox ölkələrdə hər ilin sonunda ən çox istifadə edilən sözü seçmək üçün monitorinqlər aparırlar. Təəssüf ki, Azərbaycanda bu metod hələ də tətbiq edilmir.

Hər beş ildən bir Azərbaycan dilinin orfoqrafiya lüğəti yenilənir. Lakin bəzi dilçilər, yenilənmələrə rəğmən, bir çox sözlərin hələ də düzgün yazılış qaydasının lüğətdə qeyd edilmədiyini bildirirlər.

Hətta Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-a müsahibəsində qeyd etmişdi ki, bizim ən böyük problemimiz milli dilimizin korpusunun olmamasıdır:

“Buna görə lüğətlərdə bir sıra səhvlər baş verir. İndiyədək 20 min söz lüğətdən çıxarılıb. Adamdan soruşarlar ki, bax, hansı əsasla bu qədər sözü lüğətdən çıxarmışıq?! Dil məsələsində vaxt itirməməli, dünya təcrübəsinə əsaslanmalıyıq”.

Dekabrın son günlərində gündəmə gələn lüğət, dilin korpusu məsələsinə yenidən qayıtmağımıza təkanı isə Azərbaycan dili üzrə sertifikasiya imtahanının CEFR səviyyəsində keçirilməsi ilə bağlı yenilik verdi.

Hətta orfoqrafiya lüğətinin tərtibində problemlər olduğu halda bu imtahan hansı əsaslarla keçiriləcək? May ayının birində onlayn qaydada aktivləşəcək, iki ay müddətinə pulsuz keçirilməsi nəzərdə tutulan imtahana hansı vəsaitlərlə hazırlaşmaq lazımdır? Azərbaycan dilinin qrammatikası ilə bağlı vahid, təsdiqlənmiş proqram, kitab varmı?

Bu və digər məsələlərlə bağlı Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, proqram, sadəcə, yol göstəricisidir, onun hazırlanması üçün əsas vəsait mövcud olmalıdır, lakin təəssüf ki, yoxdur:

“Əvvəla, qeyd edim ki, bu məsələ Elm və Təhsil Nazirliyinin işidir. Digər tərəfdən, təəssüf ki, Dilçilik İnstitutu bu kimi məsələlərdə heç vaxt yada düşmür. Bu layihəni də kənar şəxslər işləyib-hazırlayıblar. Layihə kimi yaxşı təşəbbüsdür, bir söz demirəm. Amma mən bu layihənin təqdimatında da iştirak etdim. Bir saatdan çox davam edən təqdimatda ancaq bir-birini tərif edən çıxışları dinlədik və bitdi. Amma biz nə vəsaitləri, nə də proqramın tamamlanmış halını görə bildik.

Təşəbbüsün özünü alqışlayıram. Azərbaycan dilində dərs vəsaitləri ilə bağlı hər kəs danışır, şikayətlənir. Amma təəssüf ki, bizə bu məsələlərə nə müdaxilə etməyə izn verir, nə də birgə layihə həyata keçirirlər. Düşünürəm ki, bu məqamları, heç olmasa, gələcəkdə nəzərə almaq lazımdır”.

N.Məmmədli qeyd edib ki, sözügedən sertifikasiya imtahanında qrammatik qaydaların norma və tələblərinə dair vəsait olmadan mətn verib səhvləri axtarmaq tələb ediləcəksə, bu, düzgün olmayacaq:

“Hər şeydən öncə Azərbaycan dilinin qrammatikası ilə bağlı müfəssəl məlumat verilməlidir. Kurikulum sistemi bu mənada dünya təcrübəsində olan uğurlu sistemlərdən biridir. Bu, müəllim-şagird, müəllim-tələbənin birgə çalışması və nəticə verməsidir. Amma dilin qrammatik normalarını vermədən mətn təqdim edib orada nöqsan tapılmasını tələb etməyi düzgün saymıram.

Təqdimata dəvət üçün təşəkkürümü bildirdim, lakin gərək bu proqram bu səviyyədə təqdim edilməzdi. Bizim də fikir bildirməyimiz üçün zaman ayrılmalı idi, amma buna şərait yaradılmadı.

Mənim etiraz etdiyim məqam odur ki, əgər ölkənin Dilçilik İnstitutu fəaliyyət göstərirsə, bu işlə hansısa fəlsəfə doktoru səviyyəsində şəxslər deyil, bilavasitə biz məşğul olmalıyıq. Layihəni Dilçilik İnstitutu müzakirəyə qoyardı, vəsait çap edilərdi, ayrı-ayrı instansiyalara sorğu verib, cavab ala bilərdik.

Yenə deyirəm, layihə olaraq yaxşıdır, buraya Miqrasiya Xidməti də qoşula bilər. Sadəcə, təəssüf ki, bizdə hər şeyi çətinləşdirmək istəyi, insanları dolaşığa salmaq həvəsi var. Həm qəbul imtahanlarında, həm bu tip imtahanlarda insanların cavab verə bilməyəcəkləri suallar tərtib edərək çətinlik yaratmağa çalışırlar.

Azərbaycan dili ilə bağlı Dilçilik İnstitutuna müraciət olunmalı idi. Biz heç görmədiyimiz bir şeyin bir saatdan çox təriflənməsinə qulaq asdıq. Heç çıxış edənlər özləri də bilmirdilər ki, bizə nəyi izah edirlər, necə izah edirlər. Bu gün də biz bilmirik ki, söhbət nədən gedir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir