Cəmiyyət

Harvardda professor işləyəcək Röya: “Məzunların ianələri bəzi ölkələrin büdcəsini aşır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Harvardın məzunları illər sonra böyük imkan sahibinə çevrilirlərsə, o zaman öz universitetlərinə könüllü şəkildə ianə edirlər. Çox vaxt bu ianələr bəzi ölkələrin ümumi büdcəsindən daha artıq ola bilir. Bu cür ianə qarşılığında universitetin verə biləcəyi yeganə qarşılıq həmin şəxsin adını universitet binalarına, otaqlarına və ya kitabxanasına verilməsi ola bilər. Amma professorluq adını və vəzifəsini ABŞ-də pulla almaq mümkün deyil”.

Bunu Oxu.Az-a müsahibəsində Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor olaraq fəaliyyətə başlayacaq azərbaycanlı alim Röya Talıbova deyib. Onunla müsahibəni təqdim edirik:

– Röya xanım, əvvəlcə sizi tanıyaq: harada doğulmusunuz, hansı ali məktəbi bitirmisiniz?

– 1986-cı ildə Bakıda doğulmuşam. 2003-cü ildə Bakı Türk Anadolu Liseyindən məzun olmuşam. 2001-02-ci illərdə ABŞ Dövlət Departamentinin həyata keçirdiyi FLEX proqramı ilə bir il ABŞ-nin Sietl şəhərində orta məktəbdə təhsil almışam. 2003-07-ci illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini qırmızı diplomla bitirmişəm. 

– İxtisasca diplomatsınız?

–  Xeyr. Siyasi elmlər və kompüter elmləri mütəxəssisiyəm. 2012-14-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Dövlət İdarəetmə İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili almışam. 2015-22 illərdə Miçiqan Universitetində statistika üzrə magistr dərəcəsi və siyasi elmlər və elmi hesablamalar (yaxud elmi kompüterləşdirmə) sahələri üzrə ikili doktorantura təhsili almışam.

– Bostona getməmişdən əvvəl Bakıda işləyirdinizmi?

–  Bəli. 2007-09-cu illərdə ABŞ-nin Seton Holl Universitetində beynəlxalq münasibətlər üzrə magistr təhsili almışam. Bu təhsilim “Xaricdə Azərbaycan gənclərinin dövlət proqramı çərçivəsində təhsil proqramı” ilə maliyyələşdiyi üçün 2009-12-ci illər arası Bakıya qayıdıb dövlət idarəçiliyində çalışmışam.  2022-23-cü illərdə Pensilvaniya Universitetində yüksək elmi araşdırmaçı vəzifəsində işləmişəm. 2023-24-cü illərdə Vanderbilt Universitetinin Siyasi elmlər kafedrasında və Data Elmləri İnstitutunda professor vəzifəsində çalışmışam və bu il iyul ayının birinə qədər bu vəzifədə işləməyə davam edəcəyəm.

– Bəs Harvardda işiniz nə zamandan başlayacaq?

– Elə bu ilin iyul ayından etibarən Harvard Universitetində professorluq fəaliyyətimə başlayacağam.

Ailənizdə sizdən başqa xaricdə təhsil alan varmı?

– Məndən başqa bir qardaşım var. Xeyr, xaricdə təhsil alan tək mənəm.

– Valideynləriniz ali təhsillidirlərmi? Nə işlə məşğuldurlar?

– Bəli, hər ikisi ali təhsillidir. Atam riyaziyyat elmləri namizədidir. Sankt-Peterburqda təhsil alıb. Hal-hazırda Fizika-riyaziyyat təmayüllü liseyin direktorudur. Anam isə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin məzunudur. Evdar xanımdır.

– Həyat yoldaşınız necə, o da elm sahəsindədir?

– Həyat yoldaşım kompüter və data elmləri sahəsindədir. Amma o, akademik sahədə çalışmır. Yəni professor deyil. O da Miçiqan Universitetində iki fərqli magistratura təhsili alıb – dövlət idarəçiliyi, kompüter və data elmləri üzrə. Hazırda isə Vanderbilt Universitetində elmi mərkəzlərdən birinin elmi məsələlər üzrə rəhbəridir.

– Harvardda işləyəcəyiniz barədə xəbəri necə aldınız?

– Telefon zəngi ilə.

– Gözlənilməz oldu, yoxsa əmin idiniz?

–  Xeyr, əmin deyildim. Əslində, belə işlərdə əmin olmaq mümkün deyil. Çünki müsbət təklif almaq şansı çox azdır. İlkin mərhələdə çıxış etmək üçün dəvəti mən ötən ilin avqust ayının sonlarında almışdım. Öncə təklifə yox demişdim. Səbəb isə Vanderbilt Universitetində işə yeni başlamağım idi. Hesab edirdim ki, hələ bir az tezdir. Lakin ikinci təklifdən sonra, sentyabr ayında, qəbul etmək qərarına gəldim və noyabr ayında Bostona səfər etdim. Mənimlə bərabər, ABŞ və dünyanın müxtəlif yerlərindəki universitetlərdən səkkiz alim də dəvət almışdı. Harvardda professor vəzifəsində işləyəcəyim barədə xəbəri isə dekabrın 20-də aldım. Qeyd etdiyim kimi, telefon zəngi ilə. Tamamilə gözlənilməz oldu yəni.

– Azərbaycana dönməyi düşünürsünüzmü?

– Birdəfəlik geri dönməyi düşünmürəm, amma beş ilə yaxındır, Azərbaycana ayaq basa bilmədiyim üçün ölkəyə səfər etmək fikrim var.

– Hazırda əsas hədəfiniz nədir?

– Əsas hədəfim öz elmi sahəmdə araşdırmalarımı davam etdirib inkişaf etməkdir.

– Röya xanım, sosial şəbəkədə yazırlar ki, Harvardda professor kimi dərs demək üçün orada olan hansısa fonda pul köçürmək lazımdır. Bu nə dərəcədə doğrudur?

– Xeyr, bu, doğru məlumat deyil. Böyük universitetlərdə professor kimi işə götürülə bilmək üçün hər il avqust-sentyabr aylarında başlayan seçim prosesinə qoşulmaq lazımdır. Qeyd edim ki, söhbət yalnız bir neçə ildən bir iş axtarışı olduqda açılan yerlər üçün olan seçimdən gedir. Yüzlərlə doktorantura dərəcəsi əldə etmiş şəxslərin içindən yeddi, səkkiz alim seçilir və çıxış etmək üçün dəvət alır. Həmin bu seçilmiş şəxslər ayrı-ayrılıqda (yəni ayrı-ayrı həftələrdə) iki, üç günlük Bostona səfər edib Harvardın professor və tələbələri önündə öz araşdırma mövzuları ilə çıxış edirlər. Eyni zamanda, professor heyəti ilə təkbətək görüş və müsahibələr keçirirlər.

Bundan sonra professor heyəti bir neçə həftə içində toplanır və bu yeddi, səkkiz alim içindən iş təklifini kimə təqdim edəcəklərinə qərar verir. Bu proses bəzən aylarla uzana bilir. Harvardda və yaxud digər xarici universitetlərdə professor olmaq fonda pul köçürməklə olsaydı, dünyanın bütün alimləri orada professor vəzifəsində olardılar.

– Adətən, Harvardın uğurlu tələbələri böyük karyera qurduqda Harvard onları dəvət edir və onlar qazanclarından bir hissə ianə edirlər və orada dərs deyirlər – bəs bu iddia nə dərəcədə doğrudur?

– Bu da tam doğru məlumat deyil. Yəni ianə məsələsi var, amma hamıya aid deyil. Burada məzunlar illər sonra böyük imkan sahibinə çevrilirlərsə, o zaman öz universitetlərinə könüllü şəkildə ianə edirlər. Bu ianələr isə tamamilə əvəzsiz və qarşılıqsız ianələrdir. Bu cür ianə etmək imkanı heç də hamıda olmur. Çünki çox vaxt bu ianələr bəzi ölkələrin ümumi büdcəsindən daha artıq ola bilir. Bu cür ianə qarşılığında universitetin verə biləcəyi yeganə qarşılıq isə həmin şəxsin adını universitet binalarına, otaqlarına və ya kitabxanasına verilməsi ola bilər. Amma professorluq adını və vəzifəsini ABŞ-də pulla almaq mümkün deyil.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir