Cəmiyyət

Yeni Azərbaycan Partiyası özündə yeni idarəetmə modelini ehtiva edir

Sharing is caring!

     “Dünənin, bu günün və gələcəyin partiyası olduğunu keçdiyi 31 illik şərəfli yolda atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyasının VII qurultayından üç il ötür. Bəzən zaman baxımından kiçik görünən bir dövr uğurlarla zənginlik baxımından daha böyük rəqəmlə ifadə olunmaq təsəvvürü  yaradır.  Bu baxımdan partiyanın VII qurultayından ötən üç il ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında  mühüm tarixi məqamlarla yadda qalıb.  Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkənin  iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini təhlil  etdi və bu siyasi qüvvənin perspektiv xarakterli strateji hədəflərini açıqladı.  Məhz bu səbəbdən  YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. 

     Məlumdur ki, son bir ildən artıq dövrün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin  miqyasını genişləndirmək, bu işləri  müasir tələblər səviyyəsində həyata keçirib soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Bu mənada Azərbaycanın hər bir uğurunda öz payı, yeri olan Yeni Azərbaycan Partiyası da VII qurultayını məhz  tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara  söykənərək keçirdiyi üçün qarşıda dayanan vəzifələrin icrası məqsədilə  yeni Proqramın hazırlanmasına və təsdiqinə zərurət duyuldu. Dövlət başçısı qurultayda bununla bağlı tapşırıqlarını verdi. Partiyanın yeni Proqramı ötən ilin  dekabr ayının 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edildi. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub ki, bunlar  Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır.  “Proqramda bu mühüm məqam da yer alır ki,  YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət,  milli dəyərlər,  innovativ inkişaf və kreativlik, elmilik və müasirlikdir.  Hər bir meyar partiyanın həyata keçirdiyi siyasətin aydın təsəvvürünü yaradır.  Bu baxımdan ki, Azərbaycan hər zaman yeniliklərə, təkmilləşməyə  daha çox meyil göstərən və bunu atdığı addımları ilə təsdiqləyən, ən əsası innovasiyalar ölkəsi kimi tanınır. İslahatlar prosesinin qaçılmaz  olması da dövlətimizin bu siyasətinə əsaslanır.  Hər dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə həyata keçirilir, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır.  Azərbaycanın bu uğurlarında  ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

     Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəflərində də yeniliklərə, təkmilləşməyə meyillilik özünün aydın ifadəsini tapıb. Partiyanın  VII qurultayında qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada Birinci müavin postunun təsis olunması və  Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi  idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.

     Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini verməkdədir. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

         Türkan Həsənova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir