Cəmiyyət

Martda 16 gün, apreldə bir həftə qeyri-iş günü: NECƏ QAZANAQ? – FOTO

Sharing is caring!


Bayram olan aylarda təyin olunan qeyri-iş günləri ilk baxışda işləyən hər kəsin həvəslə gözlədiyi bir şeydir. Hər kəs istirahət etmək, dincəlmək istəyir.

Mart ayında ümumilikdə şənbə və bazar günləri də daxil 16 gün qeyri-iş günü olacaq. Ardınca aprel ayının əvvəlində yenidən bir həftə qeyri-iş günləri var. Bəs bu qədər işsiz oturmaq hamını qane edirmi? Ölkədə həmin müddətdə asudə vaxtı necə keçirmək olar? Hansı qısamüddətli işlə əlavə gəlir əldə etmək mümkündür?

İqtisadçı ekspert Elnur Fərzəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyri-iş günlərində asudə vaxtı səmərəli keçirməyin bir neçə variantı var:

“Ard-arda düşən qeyri-iş günlərində imkanlı şəxslər daha çox Azərbaycanın müxtəlif bölgələrinə üz tutaraq, yerli turizmdən faydalanmağa, daha imkanlı şəxslər isə xarici ölkələrə getməyə çalışırlar. Amma nəzərə almaq lazımdır ki, ölkəmizdə minimal, orta və yüksək əməkhaqqı ilə çalışan insanlar da var. Nəzərə almaq lazımdır ki, qeyri-iş günləri heç də hər kəsə aid olmur. Məsələn, bəzi sahələrdə – xüsusən də iqtisadi sahələrdə – dükan, kafe-restoran və digər iaşə obyektlərində işlər davam edir”.

Ekspert qeyd edir ki, qeyri-iş günlərində əlavə gəlir əldə etmək üçün əsas sahələr hələ ki taksi xidməti göstərmək və ofisiantlıq etməkdir.

“Xüsusən də Bakı və digər böyük şəhərlərimizdə taksi fəaliyyəti ilə məşğul olan insanların sayı çoxdur. Onların bəziləri sırf o peşəni özlərinə sənət olaraq seçiblər, bir çox insanlar isə iş vaxtı bitdikdən sonra bir neçə saat taksi fəaliyyəti ilə məşğul olub əlavə gəlir əldə etməyə çalışırlar. Eyni zamanda, kafe və restoranlarda da gənclər boş vaxtlarında qazanc əldə etmək üçün ofisiant kimi fəaliyyət göstərirlər. Artıq uzun müddətdir ki, Dövlət Məşğulluq Agentliyində müəyyən peşələr öyrədilir ki, həmin peşələrə yiyələnmə müddətində onlara minimal əməkhaqqı ödənilir. Bundan əlavə, bir çox sahələr var ki, orada elektron ticarətə üstünlük verilir. Həmin sahələrdən də istifadə edib alqı-satqı həyata keçirərək qazanc əldə etmək olar”, – deyə Elnur Fərzəliyev bildirib.

Qeyd etmək yerinə düşər ki, qeyri-iş günlərinin ardıcıllığının çox olması heç də hər kəsin ürəyincə deyil. Xüsusən də muzdla çalışan insanların və özəl sektora aid sahibkarların.

Sahibkar Vüqar Əliyarov hesab edir ki, qeyri-iş günlərinin uzadılması heç də bütün sahibkarların xeyrinə deyil. Oxu.Az-a açıqlamasında o qeyd edib ki, ardıcıllıq naminə şənbə və bazarın və ya digər günlərin yerinin dəyişdirilməsi düzgün deyil və bu, bir çox sahələrə ziyan vurur.

“Biz xidmət sahəsi olduğumuz üçün qeyri-iş günlərinin sayından asılı olmayaraq, daim işləyirik. Problem bayram günlərində yox, şənbə və bazara düşən günlərin dəyişdirilməsi və bu dəyişmə səbəbindən gün sayının artırılmasıdır. Bir sahibkar kimi, uzunmüddətli ardıcıl düşən qeyri-iş günlərinin əleyhinəyəm, çünki bank sektoru çökür, lazım olan ödənişləri nə köçürmək, nə almaq mümkün olur. Xidmət sahəsi çökür, çünki hansısa bir problem olur, usta, mütəxəssis, işçi tapa bilmirsən. Xidmət sahələrində yığımlar azalır və bir sahibkar üçün bu, istirahət zövqü yox, iş problemi yaradır”, – deyə V. Əliyarov qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Hikmət Hüseynov isə Oxu.Az-a açıqlamasında bildirib ki, qeyri-iş günlərini dəyərləndirmək istəyən insanlar aqroturizmə, yəni kənd turizminə baş vurmaqla da istirahətlərinə xüsusi rəng qata bilərlər.

“Aqroturizm fermalarda, təsərrüfatlarda istirahəti nəzərdə tutur. Turist öz istirahətini daha da maraqlı etmək üçün müəyyən ödəniş əsasında kənd təsərrüfatı istehsalı ilə tanış ola, hətta istəyi olarsa, həmin prosesdə iştirak edə bilir. Məsələn, fermaya gedibsə, inək sağa, yaxud onları yemləyə bilər, yaxud bağa gedibsə, meyvə yığa, ağac dibi belləyə, ağacların budanmasında iştirak edə bilər. Buna görə turistə hər hansı ödəniş edilməsə də, o, həm öz gördüyü işdən zövq almış, həm də vaxtını daha faydalı işlərə sərf etmiş olur”, – deyə H.Hüseynov vurğulayıb.

Qeyd edək ki, aqroturizmlə maraqlananlar Tovillage.az saytı vasitəsi ilə istənilən bölgəmizdə istirahətlərinin planını qura bilərlər.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir