Cəmiyyət

“AzTV”nin yaranmasından 68 il keçir

Sharing is caring!


Bu gün Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 68 il ötür.

Oxu.Az xatırladır ki, Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn, 1 ünvanında seçilib.

Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsvir retranslyatoru kimi fəaliyyət göstərib. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub.

1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə beş dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb.

1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi yeddi saatadək artıb.

1970-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib.

1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib.

1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya İdarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb.

1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb.

1991-ci ildə komitə şirkətə çevrilib.

2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Son illər “AzTV”də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar hazırlanıb, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb ediliblər, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.

Oxu.Az kollektivi “AzTV”də işləyən həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir