Cəmiyyət

Eşşək südü, yoxsa adamı eşşək yerinə qoymaq?

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

Biz çox fürsətcil adamlarıq. Məsələn, şəhərdən rayona gedirsən, normal bir obyektdə oturursan ki, çay içəsən, çay dəsgahını adama yüz manata satırlar. Soruşanda da deyir ki, “rəhbərlik belə tapşırıb”.

 Şəhərdə dəniz kənarına gedirsən ki, dincələsən, bir çay içmək adama 15-20 manata gəlib çıxır.

Qoltuğuna termosunu vurub, gedib otursan bulvarda və ya hansısa rayonun meşəsində, onda da gəlib adamdan özünlə gətirdiyin termosa görə haqq-hesab istəyəcəklər…

Əbəs yerə qeyd etmədim ki, fürsəcil adamlar olduğumuzu. Son dönəmlərdə – qızılcanın meydan oxuduğu vaxtda türkəçarə bir “dərman” ortaya çıxıb. Necə ki koronovirusun tüğyan etdiyi vaxtlarda dərmanların qiyməti yerindən oynamışdı, adi günlərdə bir-iki manata olan vitaminlərin qiyməti ceyran belinə minmişdisə, indi də bu türkəçarə eşşək südünün qiyməti yenə kəllə-çarxa yüksəlib.

Sadəcə məsələ budur ki, qızılcanın bir əməlli dərmanı da yoxdur. Peyvənd olunubsa, adam daha rahat keçirir, olunmayıbsa, əksər hallarda ağırlaşır, nəticədə ya pnevmoniyadan, ya da ensefalitdən insanlar ölürlər.

İndi keçək ortaya atılan yeni “dərman”a. Deyirlər ki, eşşək südünün min-bir dərdin dərmanıdır, qızılca xəstəliyinin dərmanı kimi effektiv istifadə olunur. Qiyməti də cib yandırır, nə az, nə çox imkanlı xəstələr üçün litri 100 manata.

İndi dünənə kimi dərman firmalarını, dərman firmaları ilə çalışan həkimləri qınayırdıq ki, “bəs görürsən kasıb adamdı, kasıbın balası ölsünmü, niyə bahalı firma dərmanı yazırsan?” deyirdiksə, bəs indi kimi qınayaq? Eşşəyi, ya eşşəyin südünü eşşəkdən baha satanı?

İkinci vacib məqam da ondan ibarətdir ki, bu südün eşşək südü olmasına kim zəmanət verir?

Bəlkə elə inək, keçi, nə bilim qoyun südüdür, tökür şüşə bankaya gətirib litrini 100 manata satır? Bəlkə, elə quru süddür, suya qatıb gətirir? Kim zəmanət verir? Yoxsa elə “balamın canı, təmiz eşşək südüdür” deyib satır?

Üçüncü vacib məsələ də odur ki, İslam dinində eşşək, onun əti və südü ilə bağlı birmənalı fikir yoxdur. Bir sıra hədislərdə uzunqulaq əti haram buyurulub, bu da ondan irəli gəlir ki, uzunqulaqlar çox vaxt təmiz olmayan qidalar yeyə bilirlər. Məsələyə ümumi baxsaq, uzunqulaq haram buyurulandır.

İndi keçirəm əsas məsələyə.

Əsr olub 21, elə bu günlərdə ilk tükiyəli astronavt Gezeravçı kosmosa gedib-qayıtdı, ikincisi hazırlaşır getməyə, dünya süni zəkanın əlində qalıb, biz isə qızılca üçün qapı-qapı düşüb “eşşək südü” axtarırıq. Niyə dırnaq içində yazdım, çünki bu gün insanlığın “eşşək südünə”, mifə, dedi-qoduya, inanması acınacaqlıdır. Elmi-texniki inkişaf deyir ki, peyvənd bütün infeksion xəstəliklərə qarşı ən effektiv yoldur. Alim, həkim, professor deyir ki, çalışın uşaqlar bu tip xəstəliklərə yoluxanda evdə, özbaşına müalicə etməyin. Müalicəni mütləq həkim nəzarəti altında aparın. Uşaqları soyuqdan qoruyun.

Amma yenə də görürsən ki, Niquşlardan biri çıxıb deyir ki, “sarımsağı əz, qat eşşək südünə, ver uşağa içsin”, insanımız da əfsüslar olsun ki, inanır. Bir də oyanır ki, uşağın qızdırması qalxıb, hay-haray salır ki, “ay həkim, xilas elə!”

Madam ki, vəziyyət pisləşəndə həkimə qaçırıq, niyə bəri-başdan həkimə getmirik ki?

Axı bizim kifayət qədər savadlı, vicdanlı həkimlərimiz var. Buna koronavirusun tüğyan etdiyi dövrdə də şahid olduq, müharibə dövründə də gördük. Canlarını qurban verən həkimləri də gördük, şəhid olanları da. Yəni həkimin pisi varsa, yaxşısı da var.

Niyə xəstəni ölümcül vəziyyətə salıb sonra aparırıq xəstəxanaya?

İndi kimsə deyəcək ki, həkimlər öz ayağıyla xəstəxanaya gedən xəstələri az öldürüb, yola salıblar?

Axı, mən demirəm ki, eləsi yoxdur. Mən deyirəm ki, bu körpələrə niyə zülm verirsiniz?

Niyə uşaqlarınıza əvvəlcədən müəyyən olunmuş peyvəndləri vurdurmursunuz?

Sonra infeksion xəstəliyə düçar olanda, həkimi yox, “eşşək südü” satanları, çöpçüləri gəzirsiniz?

Niyə vəziyyət ağırlaşanda qaçırsınız xəstəxanaya? Orada da məlum olur ki, iş-işdən çoxdan keçib. Körpələr ya xəstəxanaya gedən yolda, ya da xəstəxanada canlarını tapşırırlar…

Son aylarda neçə körpənin ölüm xəbərini aldıq? Bir yadınıza salın. Mən heç vaxt qızılcadan bu qədər uşağın ölməsini xatırlamıram.

Əgər həkimə inanmırsınızsa, bu da sizin haqqınızdır. Bir özünüz araşdırın, oxuyun. Allaha şükür internetdə bütün dillərdə məlumat var. 

Video, yazı, podkast, nə istəyirsən var. Bir öyrənin bu qızılca nə xəstəlikdir.

Yoxsa “TikTok”a baxıb “eşşək südü” yaxşıdır dedikcə, uşaqlarımız da dünyamızla vidalaşacaq. Çünki onun özünün qərar vermək haqq-hüququ, seçim etmək imkanı yoxdur. Onun həyatı valideyninin ağlından asılıdır. Təəssüflər olsun ki, bəzən valideyn ağlı bu körpə uşaqları birbaşa qəbir evinə aparır. Allah bütün körpələrə rəhmət eləsin. Vallah adamın ürəyi ağrıyır!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir