Cəmiyyət

Utilizasiya maşın bazarına necə təsir edəcək? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Ötən gündən sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlı qərar qüvvəyə minib. 

Avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödəyəcəklər.

Qərara əsasən, 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən iki il müddətinə 50% tətbiq edilir.

Bəs görəsən, utilizasiya prosesi maşın bazarına necə təsir edəcək? Utilizasiya haqqı avtomobillərə olan tələbatı artıracaqmı? Alışa necə təsir edəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, köhnə avtomobillərin sayı azalacaq:

“İndi alternativ enerji ilə çalışan avtomobillərə daha çox üstünlük verilir. Onların gömrük rüsumları və digər idxalda olan bütün rüsumlar aradan qaldırılıb, ləğv olunub. Yeni nəsil, ətraf mühiti çirkləndirməyən avtomobillər daha çox gətirilir.

Köhnə maşınlar problem yaratdığı üçün bu kimi yollarla sayını azaltmağa çalışırlar. Köhnə avtomobillər ətraf mühitə olduqca böyük ziyan vurur. Bu səbəbdən düzgün addım kimi qiymətləndirirəm”.

Ekspert rüsumların artacağını qeyd edib:

“Bu, dünya təcrübəsində tətbiq olunan prosesdir. Hesab edirəm ki, rüsumları da artıracaqdır. Avropada  mühərrikin gücündən asılı olaraq irihəcmli avtomobillərə görə əlavə vergilər var.

Bu gün istehlak cəmiyyətində ifrat dərəcədə xərclər var. Qarşısını almaq üçün belə yollara əl atırlar. Düşünürəm ki, gələcəkdə irihəcmli avtomobillər üçün əlavə vergilər tətbiq olunacaq. Bununla yanaşı, bir ailədə bir neçə avtomobil varsa, onlar da əlavə vergi ödəməli olacaqlar. Yəqin ki, bu kimi tələblərin sayı artacaq”.

İqtisadçı Rəşad Həsənov isə əlavə edib ki, utilizasiya prosesinin başlanmasının avtomobil bazarına müəyyən təsirləri olacaq:

“Nəzərə almaq lazımdır ki, proses yeni başlayıb. İlkin olaraq istifadədən kənarlaşdırılmış avtomobillər əsas predmet olacaq. Çünki bunlar insanların nəqliyyata olan tələbatını tam şəkildə ödəmirdi. Belə olduğu təqdirdə müvafiq utilizasiya prosesi birbaşa olaraq tələbi kəskin şəkildə artırmayacaq. Digər tərəfdən, kifayət qədər köhnəlmiş avtomobillərin utilizasiyasından söhbət gedirsə, onun kompensasiyası avtomobil bazarında yeni avtomobil alma imkanlarını ciddi şəkildə artırmır. Tələbə böyük təsiri olmayacaq.

Lakin uzun və ortamüddətli dövrdə, əlbəttə, proses genişləndikcə təkrar avtomobil bazarında canlanmanı artıracaq. Çünki bu kimi yararsız avtomobil azgəlirli sosial qrupun əlində cəmlənir. Onlar yeni avtomobil istehlakında aktiv iştirak etməyəcəklər, ancaq təkrar bazarda olacaqlar. Bu zaman qiymət artımı müşahidə oluna bilər.

Utilizasiya fondunun yaradılması ilə bağlı tətbiq olunan rüsumlar, öz növbəsində, ili köhnə avtomobillərin qiymətlərində orta hesabla 500 manat ətrafında alıcılıq gücü, əhalinin gəlirli dinamika, iqtisadiyyatın inkişaf tempi fonunda bir artıma gətirib çıxaracaq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir