Cəmiyyət

Ərinin narkotik satdığını gizlədən qadın məhkəmə zalından azadlığa buraxıldı

Sharing is caring!


Ağsu Rayon Məhkəməsində cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədə təqsirləndirilən Nailə Əliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 500 manat məbləğində cərimə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından dərhal azad olunub.

İttihama görə, Nailə Əliyeva ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməyib.

Belə ki, o, 2022-ci ilin yanvar ayında Bakı şəhərində tanış olduğu, faktiki ər-arvad münasibətində olmaqla birgə yaşadığı Ağsu şəhər sakini Qabil Səfərovla (şərti) birlikdə 10 sentyabr 2022-ci il tarixdə Ağsu şəhərində yerləşən evinə gəlib. 14 sentyabr 2022-ci il tarixdə Qabilin satmaqdan ötrü yaşadığı həmin evdə qanunsuz saxladığı üç bükümdə, ümumi çəkisi 0,686 qram olan psixotrop maddə – metamfetamini digər bir Ağsu şəhər sakininə 30 manata satdığını görüb. Eyni zamanda, qadın onların bu barədə söhbət etdiklərini eşidib. Daha sonra Qabil Səfərov narkotikə görə həbs edilib. Nailə ərinin cinayəti barədə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün kifayət qədər vaxtı və imkanı olduğu halda bunu etməyib.

Bununla da, Nailə Əliyeva Cinayət Məcəlləsinin 307.1-ci (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərək məsuliyyətə cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir