Cəmiyyət

Astarada üçəsrlik ev dağılmaq üzrədir – FOTO

Sharing is caring!


Astara rayonunda üçəsrlik tarixi ev dağılmaq üzrədir.

“Report”un cənub bürosunun məlumatına görə, sözügedən ev rayonun Pensər kəndində yerləşir.

Ev 1836-cı ildə Lənkəran xanı Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışan Mirzə Xudaverdibəyoğlu tərəfindən inşa edilib. Qarabağ elatının zərgər tayfasından olan ailə XVII əsrin axırları, XVIII əsrin əvvəllərində Qarabağdan Masallının Qızılavar kəndinə köçüblər. Sonra oradan Astaranın Bütəsər kəndinə, yəni indiki Pensər kəndinə köçərək hazırkı evi tikdirib və orada yaşayıblar.

Mirzə Xudaverdibəyoğlu 30 il müddətində Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışıb. Onun oğlu Mirzə Əhməd də dövrünün tanınmış ziyalısı olub və sarayda təhsil alıb. Mirzə Əhməd həm də “Fövcül-füsəha” ədəbi məclisinin fəal üzvü olub, “Əxbərnamə”ni yazıb. 60 il ərzində bölgədə cərəyan edən bütün hadisələri qələmə alıb. “Əxbərnamə” əsərinin əlyazması bu gün Əlyazmalar İnstitutunda qorunub saxlanılır və 1975-ci ildə xidməti istifadə üçün çap olunub.

Vaxtilə Mirzə Əhmədin yaşadığı sözügedən ev hazırda qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan evin divarları uçmaq üzrədir. Mirzə Xudaverdibəyoğlunun nəticəsi Nərgiz Əhmədova evin iki otaqdan ibarət olduğunu, lakin birinin dağıldığını deyir. Divarların qalın olması evin əsas hissəsini hələ ki saxlayıb. Bir neçə ay əvvəl baş verən zəlzələ zamanı divardakı kərpiclərin bir hissəsi tökülüb.

Qeyd edək ki, hazırda evdə 8 nəfərdən ibarət ailə yaşayır. Ötən dövr ərzində evin təmir olunmasından ötrü bir neçə dəfə aidiyyəti qurumlara müraciət olunub. Bir dəfə evin dam örtüyü uçduğu üçün təmir olunub.

Tarixi evin gələcək taleyi ilə bağlı Astara Rayon Mədəniyyət İdarəsindən bildirilib ki, bu ev dövlət mülkiyyətində yox, şəxsi mülkiyyətdə olan yerli əhəmiyyətli tarixi tikilidir:

“Evin təmiri vətəndaşın üzərinə düşür. Lakin bu da mülkiyyətçi tərəfindən aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkündür”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir