Cəmiyyət

Azərbaycanda hakimlərin peşə bayramı gününün təsis olunması təklif edilir – FOTO

Sharing is caring!


“Bir hüquqşünas kimi 2024-cü ildə ilk növbədə “Hakim günü” – peşə bayramının təsis olmasını zəruri hesab edirəm. Bildiyiniz kimi, vəkillikdən, prokurorluqdan və polisdən fərqli olaraq, hakimlərin peşə bayramı mövcud deyil. Bəzi xarici ölkələrdə “Hakim günü” ilə bağlı təqvimdə günlər müəyyən edilib. Hətta bəzi ölkələrdə “Hakim günü” ilə yanaşı ayrıca, “Məhkəmə işçiləri günü” də mövcuddur. Bu baxımdan hesab edirəm ki, 2024-cü ildə “Hakim günü” – peşə bayramının təsis olunması və bu tarixin “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edildiyi vaxt, yəni 10 iyun tarixinin müəyyən olunması daha doğru olardı”.

Bunu e-huquq.az-a açıqlamasında Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri, vəkil Paşa Səfərov deyib.

O, 2024-cü ildə məhkəmə sistemindən gözləntilərini açıqlayıb. Bildirib ki, bu il məhkəmələrin maddi-texniki bazalarının gücləndirilməsi, onlayn məhkəmə iclaslarının keçirilməsi üçün zalların mövcudluğu, xüsusilə regionda fəaliyyət göstərən məhkəmələrdə vəkil otaqlarının yaradılması, elektron məhkəmənin inkişafı üçün zəruri olan avadanlıqların təmin edilməsi, o cümlədən hakim və məhkəmə işçilərinin əmək haqlarının artırılması məsələsinin də öz həllini tapması müsbət addım olar:

“Bir vəkil kimi 2024-cü ildə başlıca olaraq, elektron məhkəmə siyasətinin inkişafı ilə bağlı gözləntilərim mövcuddur. Bura ilk növbədə onlayn məhkəmə aiddir ki, hazırda bu məhkəmənin formalaşması məsələsi çox aktualdır. Onlayn məhkəmə dedikdə məhkəmə fəaliyyətinin məhkəmənin yerləşdiyi inzibati binadan kənarda da rahat və maneəsiz həyata keçirilməsi anlamına gəlir. Məsələn, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxan hakimin gecə saat 23:00-da məhkəmənin inzibati binasında olması şərt olmamalıdır, hakim bunu onlayn məhkəmə iclası formasında olduğu yerdə də baxa bilməlidir və təbii ki, hakim fəaliyyətini rahat həyata keçirmək tək məhkəmənin inzibati otağında deyil, eyni zamanda yaşadığı yerdə də texniki cəhətdən təmin edilməlidir. Bu hakimlə yanaşı vəkilə də, digər proses iştirakçılarına da əlverişlidir.

Hesab edirəm ki, məhkəmə iclaslarının ənənəvi formadan elektron formaya keçidi yavaş-yavaş formalaşmalıdır. Bu, olduqca zəruri və ciddi məsələdir. Məsələn, Qazax rayonunda yaşayan bir insanın Bakı şəhərində yerləşən məhkəmədə baxılan işlə bağlı bir neçə dəfə Bakıya gəlməsi və qayıtması müəyyən maddi və vaxt itkisi hesabına başa gəlir. Amma elektron qaydada keçirilən məhkəmə iclası fonunda şəxs bu itkilərdən azad oluna bilər”.

Vəkil qeyd edib ki, 2024-cü ildə məhkəmənin inkişafına müsbət təsir edəcək qanunvericiliklərdə müvafiq əlavə və dəyişiklərin edilməsini zəruri hesab edir.

“Bura son instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi olan işlər üzrə əlavə apellyasiya şikayəti institutunun yaradılmasını, kassasiya instansiya məhkəməsi üçün ixtisaslaşdırılmış vəkillərin olması ilə bağlı müvafiq normaların mövcudluğunu aid edirəm. Xüsusilə, mülki işlər üzrə apellyasiya şikayətinin yalnız vəkil tərəfindən hazırlanmasına dair məcburi normanın qəbul olunması məsələsini diqqətə çatdırmaq istərdim. Vəkil olaraq bildirim ki, apellyasiya şikayətinin forma və məzmunu Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə nəzərdə tutulmuşdur ki, həmin formada birinci instansiya məhkəməsi tərəfindən pozulmuş, yaxud düzgün tətbiq edilməmiş maddi və prosessual hüquq normalarının əsaslandırılması şikayətçi üçün başlıca şərtdir. Amma şikayətçi hüquqi biliyə malik olmaya bilər, hüquqi əsaslandırmanı edə bilməməsi isə onun verdiyi apellyasiya şikayətinin geri qaytarılması üçün əsas ola bilər. Belə olan halda vəkilin mülki işlər üzrə apellyasiya şikayətini də hazırlamaq kimi xüsusi səlahiyyəti müəyyən edilməli və mülki işlər üzrə apellyasiya şikayəti yalnız vəkil tərəfindən hazırlanmalıdır”, – deyə P.Səfərov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir