Cəmiyyət

Prezident seçkisində polisin xidməti fəaliyyətinin təkmilləşdirilməsi ilə seminar-müşavirələrə başlanılıb

Sharing is caring!


Prezident seçkisində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə başlanılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisinin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə ardıcıl və sistemli şəkildə genişmiqyaslı tədbirlər gerçəkləşdirilməkdədir.

Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə layihə çərçivəsində yanvarın 9-dan etibarən regional seminar-müşavirələrə başlayıb. Prezident seçkisində polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən tədbirlərdə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Seminar-müşavirələrdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin prezident seçkisinin hazırlanıb keçirilməsi proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

İlk seminar-müşavirə 2024-cü il yanvarın 9-da Bakıda keçirilir. Maarifləndirmə tədbirləri növbəti mərhələdə yanvarın 12-də Gəncədə, yanvarın 14-də Şəkidə, yanvarın 16-da Şirvanda və yanvarın 18-də Naxçıvanda keçiriləcək.

Xatırladaq ki, qarşıdan gələn seçkidə polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir