Cəmiyyət

Kiyev sakinləri hava hücumlarından qorunmaq üçün hara sığınırlar? – FOTO

Sharing is caring!


Son vaxtlar paytaxt Kiyev də daxil olmaqla, Ukraynanın bir sıra şəhərlərinin Rusiya ordusu tərəfindən intensiv raket və dron hücumlarına məruz qalması dinc sakinlər arasında da itkiləri artırıb. Bu hal əsasən də sakinlərin hava hücumu zamanı sığınacaqlardan istifadə etməsini aktuallaşdırıb.

“Report”un Şərqi Avropa bürosu son günlər hər gün hava həyəcan siqnallarının verildiyi Kiyevdə mülki insanların sığınacaqlarla bağlı durumunu öyrənib.

Kiyev sakini Anastasiya Poprejay bildirib ki, sığınacaqlar bir az çox olsa, yaxşı olardı:

“Hazırda yaşadığımız ərazidəki sığınacaqlar da yarayır. Mən əslən Dnepropetrovsk vilayətindənəm. Sığınacaqlar orada da yaşayış yerlərində bəs edir, amma məktəb və uşaq bağçalarında yox. Hava hücumları zamanı bu yerlər əsasən təhlükəli olur. Çox yaxşı olardı ki, uşaqlar olan yerlər daha çox nəzərə alınsın”.

Paytaxt sakini Nikolay Bloxin isə deyib ki, sığınacaqlar şəhərdə əsasən kifayət etmir:

“Hava hücumları zamanı sığınacaqlar azlıq edir. Hücumlar zamanı həyəcan siqnallarına ciddi önəm verənlər istənilən sığınacaq tapıb ora girirlər. Amma yaxşı olardı ki, yaşayış yerlərinin hamısı yaxınlıqda olardı. Hazırda hücumlar zamanı insanlar yaşadıqları yerdə harada gəldi sığınırlar, zirzəmidə və sair”.

Kiyevin digər sakini Liliya Parsuk isə bildirib ki, adətən sığınacaqlarda çox adam olmur, ona görə də azdır demək olmaz:

“Daha doğrusu, insanlar sığınacaqlara getmir və ona görə hələ yerlər bəs edir. Bəlkə də hamı ora getsəydi, yer çatmazdı. Keçən dəfə çox adam var idi. Ancaq sonuncu dəfə bu hal yaşandı. Həqiqətən də bunu daha çox etmək zərər verməzdi”.

Xersondan gəlib müvəqqəti olaraq Kiyevdə yaşayan Andrey Kovalyev isə deyir:

“Xersonda da sığınacaqlar kifayət etmir. Şəhər hər gün raket, minaatanlardan atəşə tutulur, insanlar sığınmağa yer axtarırlar. Mən oradanam, Kiyevə bu yaxınlarda müvəqqəti gəlmişəm. Burada yaşadığım ərazi Xersonla müqayisədə eynidir. Paytaxtda da çatmır. Son günlər gördüyünüz kimi hər gün raket və dronlarla hücum edilir Kiyevə. İnsanlar daha çox qaçıb metronun yeraltı stansiyalarında sığınırlar”.

Paytaxtın digər sakini Yekaterina Qodunova isə bildirib ki, yaşadığı yerdə hər tərəfdə sığınacaq var:

“Hücum olan kimi normal sığınacaqlara sığınırıq. Amma doğulduğum Sum vilayətində bu barədə bir az yer çatışmazlığı var”.

Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov isə paytaxtda sığınacaqlarla bağlı son durumu açıqlayıb:

“Kiyevin mühafizə olunan tikililər fondunun siyahısına daxil edilib. Onların yerini xəritədə tapmaq olar. Buraya həm ən sadə, həm də ən mürəkkəb quruluşa malik bomba sığınacaqları daxildir. Sadə sığınacaqlara yeraltı keçidlər, yeraltı parkinqlər aiddir. Mürəkkəb sığınacaqlarda isə qidalar, su və s. olur. Təkcə Kiyevdə 4,5 min belə sığınacaq var. Bu istiqamətdə işlər daim aparılır. Kiyevin rayonlarında onlara nəzarət edən komissiyalar fəaliyyət göstərir. Əlbəttə ki, bununla bağlı insan amilini də unutmaq olmaz. Belə ki, insanlar sığınacaqlardan istifadə edən zaman həmin yerlərdə, məsələn, nəyəsə zərər dəyə və ya nəsə qırıla bilər. Üstəlik, sığınacaqların əksəriyyəti tarixi 1960-1970-ci illərə gedib çıxan tikililərdə yerləşir. Məsələn, sığınacaqların yerləşdiyi tikililərin bəzilərində borular köhnə olduğuna görə onlar dəyişdirilib. Ümumilikdə bu sığınacaqlarda təmir işləri aparılıb. Bir sözlə, Kiyevin mühafizə olunan tikililər fondu bu istiqamətdə işləri davam etdirir. Biz vətəndaşların müraciətlərinə dərhal reaksiya veririk”.

Sözçü əlavə edib ki, məktəb, kitabxana, xəstəxana, bağçalarda yerləşən yerlər sığınacaqlar hesab olunmur:

“Amma insanlar bu yerlərə gələrək, məsələn, isinə, mobil əlaqəyə çıxış əldə edə bilərlər və s. Yəni bu yerlərdə insanlar bir müddət qala bilərlər. Məsələn, əgər kiminsə evində işıq, təbii qaz, su yoxdursa, o, həmin yerlərə gələ bilər. Burada o, lazımi qidalarla, yeməklə təmin olunacaq. Kiyevdə hazırda bu qəbildən 1000 obyekt var. Bu məkanlarının yerini də bizim mobil tətbiq vasitəsilə tapmaq olar. Üstəlik, tətbiqdə onların fəaliyyət cədvəli barədə də məlumat verilib. Amma, məsələn, havalar daha da soyuyanda bu məkanlar fasiləsiz fəaliyyət göstərəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir