Cəmiyyət

Azərbaycanda ölüm hökmü bərpa edilməlidirmi? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


“Qəsdən adam öldürən şəxslərə ölüm cəzası verilməsini doğru hesab edirəm”. 

Bunu “Qaynarinfo”ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Türkiyədə qadın cinayətləri üçün edam cəzasının bərpa olunması təklifinə münasibət bildirərkən deyib.

Hüquqşünas vurğulayıb ki, Türkiyədə qadın qətllərinin artım dinamikası müşühidə edilir:

“Bu baxımdan, Türkiyədə ölüm cəzasının bərpası təkliflərini təqdir edirəm. Ümumiyyətlə, hər bir şəxsə verilən cəza törədilmiş cinayətə adekvat olmalıdır. Mən hüquqşünas kimi ölüm cəzasının ləğv edilməsinin əlehinə olmuşam. Onun bərpa edilməsinin tərəfdarıyam. Yəni, qəsdən adam öldürən şəxsə ölüm cəzası verilməlidir”.

Vəkil Anar Qasımlı isə açıqlamasında bildirib ki, ölüm hökmü Azərbaycan qanunvericiliyindən çıxarılıb:

“Ölüm hökmünün olub-olmaması çox müzakirə edilə bilər. ABŞ-də elə ştatlar var ki, orada ölüm hökmü qüvvədədir. Artıq cəmiyyət ölüm hökmündən imtina etməlidir. Cəzanın məqsədi var. Cəzanın məqsədi şəxsi islah etmək, başqalarını xəbardar etməkdir. Ömürlük azadlıqdan məhrum etmə cəzası da bir xəbərdarlıqdır – bu səhvləri etməyin, belə cinayətlərdən uzaq olun və sairə. Bir halda ki, cəzanın məqsədi şəxsi islah etməkdir, ölüm cəzası ilə şəxsi necə islah edə bilərik? Bu təklif anlaşılan deyil, qadın qətllərinə görə ölüm hökmü tələb etmək də anlaşılan deyil. Burada ayrıseçkilik var. Qadını öldürməyə görə ölüm hökümü verilsin, amma öldürdüyü bir kişidirsə, ölüm hökmü verilməsin, bu, absurd yanaşmadır”. 

Anar Qasımlı qeyd edib ki, Azərbaycan qanunvericiliyi ilə bu hallarla bağlı kifayət qədər sərt tədbirlər görülür:

“Ona görə hər hansı ölüm hökmünün müzakirəsinə ehtiyac görmürəm. Bu məsələ Azərbaycanda gündəlikdən çıxarılıb. Cinayət törədən şəxs cəzanı hiss eləməlidir. Onun hər gün ağrı-acısını çəkməlidir. Müzakirə oluna bilər ki, cəzaçəkmə müəssisələrini sərtləşdirək. Cinayət törədən şəxslər daha sərt rejimlərdə cəza çəksinlər”. 

Qeyd edək ki, Türkiyə Ali Apellyasiya Məhkəməsinin baş prokuroru Bekir Şahin təklif edib ki, qadın qətllərinə görə edam cəzası bərpa olunmalıdır: 

“Təqsiri sübuta yetirilən şəxsə edam cəzası verilməlidir. Bəzi əməllərə görə edam cəzası tətbiq edilməlidir. Hamilə qadını saysız-hesabsız bıçaq zərbələri ilə qətlə yetirən şəxsə ağırlaşdırılmış həbs yerinə edam cəzası verilməlidir. Ağırlaşdırılmış ömürlük həbs çəkindirici deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir