Cəmiyyət

Agentlik: “Attraksionlardan istifadə zamanı obyekt sahibindən müvafiq sənədlər tələb edilməlidir” – FOTO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, agentlik Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib.

Tədbirlərdə agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında valideynlərə müraciət edib:

“Parklardakı attraksionlarda mütəmadi olaraq texniki müayinə həyata keçirilir, nasaz vasitələr nəzarətə götürülür. Mexanikləşdirilmiş attraksionlar təhlükə mənbəyi olduğu üçün ekspertizadan keçirilərək təhlükəsizlik sertifikatı ilə təmin olunmalıdır. Bu obyektləri ildə bir dəfə sahibkar ekspertizadan keçirməlidir. Attraksionların istismar müddətində işçilərin bilik səviyyəsi ildə bir dəfə yoxlanılmalıdır. Bu obyektlərdə mühəndis texniki vəzifələri yerinə yetirən vəzifələr olmalıdır. Onların da bilikləri 3 ildən bir yoxlanılmalıdır. Bu gün apardığımız müayinələr zamanı qüsurlar aşkar olunmadı. Bu attraksionlardan istifadə edən şəxslər və valideynlər həmin obyektin sahibindən müvafiq sənədlər tələb etməlidir. Vətəndaşlarımız zavod istehsalı olmayan attraksionlardan istifadə etməsinlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir