Cəmiyyət

Xəbər oxumaq sağlamlığa ziyandır?

Sharing is caring!


Qan Turalı yazır…

İlin son günlərini yaşayırıq. Bu ərəfədə medianın əziyyətinə baxmağın faydaları vardır. Sözsüz ki, media ilə bağlı araşdırmalar cəmiyyətin inkişaf meylini də müəyyənləşdirir. 

Oksford universiteti və “Reuters” institutu tərəfindən hazırlananan “2023-cü il Rəqəmsal xəbər hesabatı” qlobal miqyasda xəbər oxunma faizinin kəskin şəkildə düşdüyünü göstərir. 2017-ci ildə insanların 63 faizi xəbərlərə maraq göstərirdisə, cari ildə, yəni 2023-cü ildə bu maraq 48 faizlə ifadə olunub. 

Əlbəttə ki, burada sosial media faktoru üzə çıxır. Ancaq qeyd etmək lazımdır ki, sosial media da oxucunun dolayı yolla olsa da xəbərə çıxış imkanı verir. Bu mənada 2017-i ildən yaranan 25 faizlik fərqi sosial media qətiyyən doldura bilmir. 

Hesabat müəllifləri insanların xəbərdən qaçışlarını psixoloji amillərlə izah edirlər. Onların fikrincə Ukrayna müharibəsi, ya da qiymət artımı kimi hadisələr insanları xəbərdən uzaq salır. İnsanlar xəbər oxumamaqla daha rahat və xoşbəxt olduqlarını düşünürlər.  

Hesabatdan çıxan bir başqa nəticə də TV və qəzet kimi ənənəvi xəbər mənbələrinin öz əhəmiyyətini getdikcə itirdiyini də göstərir. İnsanlar xəbəri daha çox internet saytları və sosial media vasitəsi ilə almağa başlayırlar. 

Yalan xəbərlər də insanlar üçün narahatlıq yaradır. Rəyi soruşulanların 56 faizi xəbərlərin həqiqət yoxsa uydurma olduğuna əmin ola bilmədiklərini qeyd edirlər. Sözsüz ki, bu məqam da xəbərlərə olan marağı azaltmaqdadır. 

Xəbər sahəsində sosial media platformaları arasında da rəqabət mövcuddur. Belə ki, “Facebook” hələ də insanların xəbər oxuduğu əsas platformadır. Ancaq əcəl zəngləri “Facebook” üçün də çalınmaqdadır. Belə ki, son yeddi ildə “Facebook”a xəbər üçün girənlərin sayı 42 faizdən 28 faizə qədər düşüb. 

“Facebook”un geriləməsi fonunda “TikTok” və “Instagram”ın yüksəlişi baş verir. Xəbər üçün “Instagram”a girənlərin nisbəti 14 faizdir. “TikTok” isə altı faiz. Ancaq xüsusilə “TikTok” bu sahədə yüksəlişdədir.  

Nəsillər arasındakı fərq burada da özünü göstərir. Belə ki, gənclərin 43 faizi xəbərləri sosial mediadan alır. 2015-ci ildə bu rəqəm 18 faiz idi. Gənclər arasında “TikTok”dan xəbər alanların göstəricisi isə 20 faizdir. 

Hesabatda ayrı-ayrı ölkələrlə bağlı da statistikalar göstərilib. Təəssüf ki, Avropadan seçilmiş ölkələr arasında Azərbaycan mövcud deyil. Bizə qonşu ölkələrdən ancaq Türkiyə təhlilə cəlb edilib. Türkiyə üçün diqqətəlayiq məqamlardan biri də insanların xəbər almaq mənbələridir. Belə ki, Türkiyədə “YouTube” əsas xəbər mənbəyi kimi birinci yerdədir. Azərbaycanda da bu barədə “YouTube” böyük əhəmiyyət daşıyır. Dəqiq rəqəmi müəyyən etmək üçün isə müvafiq araşdırmalar aparılmalıdır. 

Hesabatda üzə çıxan daha bir diqqətçəkən məqam isə sosial media platformalarında bəyənmə və şərhlərin azalmasıdır. Bu bucaqdan baxıldıqda sosial media platformalarının da öz əhəmiyyətini getdikcə itirdiyi müşahidə olunur. Hesabatın müəllifləri sosial platformalarda gedən müzakirələrin istifadəçiləri həddindən artıq yorduğu və onlara pis təsir etdiyi güman edilir. Bundan əlavə sosial şəbəkə platformalarında paylaşılan məqalələrin də sayı sürətlə azalmaqdadır. Ancaq bununla belə sosial media platformaları xəbər oxunması üçün əsas məkanlardan biri olaraq qalır. 

Hesabatdan çıxan üç nəticəni sonda xatırlatmaq yerinə düşər: 

• Qlobal miqyasda insanlar xəbərlərə getdikcə daha az maraq göstərirlər.
• İnsanlar xəbər oxumağın onların psixoloji sağlamlıqlarına ziyan olduğunu düşünürlər. 
• İnsanlar xəbərləri sosial media platformalarında oxuyurlar, ancaq xəbərlərin oxunmasının azalması fonunda bu platformalarda da geriləmə var. 
• Sosial media platformalarında şərhlərin və bəyənmələrin sayı getdikcə azalır. 

Bütün bunlar medianın necə böyük bir sınaq qarşısında olduğunu göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir