Cəmiyyət

İnstitut direktoru: “İndi hansı zəmanədir ki, “kartoçka” ilə lüğət çap edirlər?” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Dünyanın bir çox ölkələrində izahlı lüğət tərtibatçıları hər ilin sözünü seçirlər. Həmin ənənə bu il də davam edib. Belə ki, müxtəlif ölkələrdə, hətta eyni ölkənin bir neçə ali məktəbinin dil fakültələrində tərtibatçılar 2023-cü ilin sözünü seçiblər.

Bəs ölkəmizdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu belə bir addım atmaq istəyirmi?

Bu və digər məsələlərlə bağlı Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-ın suallarını cavablandırıb.

– Bütün dünya ilin sözünü seçir. Bizdə isə belə hadisəyə rast gəlinmir. Dilçilik İnstitutu bununla bağlı hansı addımları atır?

– Gələcəkdə bu barədə fikirləşmək olar. Hazırda bu suala cavab vermək çətindir.

– Nadir müəllim, bəs orfoqrafiya lüğətinin nəşri nə zaman yekunlaşacaq?

– Heç vaxt yekunlaşmır. Nazirlər Kabinetinin qərarı ilə hər beş ildən bir lüğət çıxacaq. Sonuncu 2021-ci ildə çap olunub.

– Bəs sonuncu orfoqrafiya lüğətinə təklif edilən dəyişikliklər hansı zərurətdən yarandı?

– Normaların qəbulunda iştirak etməmişəm. Amma deyə bilərəm ki, bizim lüğətlər başqa türkdilli xalqların lüğətlərdən geri qalmır.

– Səhv xatırlamıramsa, lüğətə “hörümçək” sözü əlavə edilməmişdi, bunu yanlışlıq ilə izah etdilər. Amma “spayder” sözü əlavə edildi. Sonra mediada xəbərlər yayıldı ki, həmin söz “hörümçək” sözü ilə əvəzi edilib…

– Bunlar şou xətrinə yazılır. Millətimdən çox xahiş edirəm ki, dilimizi şouya çevirməsinlər. Təbii ki, hamı dilçi deyil, amma ana dilimizə hörmətlə yanaşaq. Biz araşdırdıq ki, lüğətin beşillik tərtibolunma prosesində təxminən dörd-beş variant olub.

Həmin versiyada texniki səhv nəticəsində lüğətə “hörümçək” sözü əlavə edilməyib. Sadəcə, orada “spayder” sözünün əvvəlində (tex.) qeydi yazılsaydı, çaşqınlıq olmazdı. Çünki lüğətlərdə sözün qarşısında onu yazmaq texniki termin kimi işlədilməsi anlamına gəlir.

Hər kəs biləcəkdi ki, “spayder” sözü həmin mənadadır və çaşqınlıq olmayacaqdı. Bizim ən böyük səhvimiz, problemimiz odur ki, milli dilin korpusu yoxdur.

– Belə çıxır ki, milli dilin korpusunun olmamasına görə lüğət səhv çıxır?

– Bəli. Onun üçün lüğətlər belə səhv çıxır. İndi hansı zəmanədir ki, əl üsulu ilə (“kartoçka”) lüğət çap edirlər? Görünür ki, əvvəlki direktorlar yaşlı adamlar olub və etməyiblər. Bunlar yeni nəsil sayəsində kompüterlərlə işlənməlidir və vahid bir məkanda yerləşdirilməlidir. Tezlik lüğətlərinə müraciət etmək lazımdır ki, sözlərin hansı əsasla oraya salınması izah edilsin. Hərdən mənə sual verirlər ki, niyə sizdən əvvəlki direktorlar bunu etməyiblər? Deyirəm ki, bilmirəm, gərək edərdilər…

– Dediniz ki, hər beş ildən bir lüğət çap edilir. Bu vaxta kimi lüğətdən nə qədər söz çıxarılıb?

– Bu müddət ərzində 20 min söz lüğətdən çıxarılıb. Adamdan soruşarlar ki, bax, hansı əsasla bu qədər sözü lüğətdən çıxarmışıq?! Milli dilin korpusu olmadan bunu demək mümkün deyil. Dil məsələsində vaxt itirməməli, dünya təcrübəsinə əsaslanmalıyıq.

Məsələn, rusların o qədər orfoqrafik lüğətləri var. Amma bizim bir cild lüğətimiz var, onun da üstündə mübahisə gedir. Mən demirəm ki, mən hazırladığım lüğətdə səhv olmayacaq. Təbii ki, olacaq. Amma dilin korpusu yaradılsa, bu hal yaşanmaz.

– Alternativ lüğətlər də çap olunur. Onların elmi əsası varmı?

– Xeyr. İstənilən adam hazırlaya bilər, biz qarşısını ala bilmərik. Amma Elmi-Tədqiqat İnstitutunun verdiyi məhsul istinad yeridir. Məhkəmə çəkişmələri belə, bizim lüğətə əsaslanır.

– Yeni təsdiq olunan tələffüz qaydaları bəzi sözlərin tələffüz formalarında mübahisəli məqamlar yaradıb. Məsələn, əvvəl dovğa, çovğun yazılırdı, “doğa”, “çoğun” deyilirdi, amma indi deyilir ki, yox, “v” səsi tələffüzdə düşmür. Bunu da ekspertlər qəbul etmirlər. Niyə belə tələffüz formaları saxlanıldı?

– Sözün düzgün tələffüzü olmalıdır. Adamlar var ki, bizimlə mübahisə edirlər ki, yazı ilə tələffüzü eyni götürək, asan olsun. Elə şey olar? Dünya praktikasında belə şey yoxdur. Məsələn, yazıda aeroport yazılıb, amma deyilişdə “y” səsi artırılır ki, səhvdir.

– Azərbaycan dilinin müasir vəziyyətini necə qiymətləndirirsiniz?

– Çox yaxşıdır. Sovet dövründən qalma fikirlər insanları çaşdırırdı. Bilirsiniz ki, əvvəllər nazirlər, vəzifəli şəxslər məruzələrini rus dilində edirdilər. Artıq yeni dövrdür və insanlar öz dilimizə üstünlük verirlər. Ad çəkmək istəmirəm, amma sizin, mənim tanıdığımız elə adamlar var ki, “dilimiz əldən getdi”, “dilə yad söz gəldi” kimi populist çıxışlar edir, hay-küy salırlar.

Nəyə lazımdır belə çıxışlar? Bütün dillər əcnəbi sözlər alırlar. Bizim dilimiz də inkişaf edib, dünya dilləri ilə inteqrasiya edir. İki cür söz götürmək var. Yəni söz dildə var, amma biz alternativ söz götürürük ki, bu, düzgün deyil. Buna alınma söz deyirlər. Bir də dildə olmayan və ehtiyac yaranan əcnəbi sözləri götürürük ki, bunda heç bir problemi yoxdur.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir