Cəmiyyət

Şəkidə kəlağayı emalatxanası: Turistlər istehsal prosesini izləyəcək – FOTO

Sharing is caring!


Turistlər Şəkidə həm də kəlağayı hazırlanması və boyanmasını müşahidə edəcəklər. 

Azərbaycanın ipəkçilik mərkəzi olan Şəkidə turistlərin özləri ilə ən çox alıb apardığı məhsullardan biri də kəlağayıdır. 

Bizim.media-nın yerli bürosu xəbər verir ki, xarici qonaqlar böyük maraqla kəlağayılarla tanış olur və rəngarəng baş örtüklərini hədiyyə alıb aparırlar. 

Turistləri, həmçinin kəlağayının hazırlanma prosesi də maraqlandırır. Şəkidə isə bu təcrübəni tətbiq edən çox azsaylı emalatxana var.

Şəkidə kəlağayı sənətini yaşadan sənətkar Əmiraslan Şamilovun emalatxanası məhz bu məqsədlə abadlaşdırılıb. Layihə çərçivəsində emalatxanada təmir, həyətində abadlaşdırma işləri aparılıb, həyətinə yeni darvaza qoyulub, gülvurma və boyaq sexində elektrik xətləri çəkilib, kombi istilik sistemi quraşdırılıb, emalatxana yeni avadanlıqlar və mebellərlə təchiz olunub. 

Bu münasibətlə keçirilən təqdimat mərasimində ipəkçilik üzrə mütəxəssis Qüdrət Quliyev çıxış edərək şəkili sənətkarlar, onların işlətdiyi kəlağayı qəlibləri və anlamları haqqında geniş məlumat verib. 

Qeyd edilib ki, Yuxarı Baş Milli Tarix-Memarlıq Qoruğunun təşkilati dəstəyi ilə bir qrup gəncə ipəkçilik və kəlağayı hazırlanması istiqamətində təlim keçirilib.

Təlimlərdə ekspert Elşən Mustafayev kəlağayı qəlibləri haqqında indiyədək həyata keçirilən elmi araşdırmalar, onların nəticələri barədə çıxış edib. Tədbirdə yerli peşə məktəbinin tələbələri, Şəki muzeylərinin, elmi fondlarının əməkdaşları iştirak ediblər. 

Əmiraslan ustanın emalatxanasında həm də Şəkidən olan tələbələr üçün praktiki və nəzəri təlimlər təşkil olunub. Nəzəri təlimlərdə peşə məktəbindən seçilən tələbələrə kəlağayı sənətinin əhəmiyyəti, UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilmə səbəbləri, bu sənəti qorumanın önəmi və digər məqamlar barədə söz açılıb. Praktiki təlimlərin yekununda tələbələrdən bir neçəsinin Əmiraslan ustanın yanında işə götürüləcəyi planlaşdırılır.

Layihə çərçivəsində turistlər üçün kəlağayı emalatxanası haqqında məlumatı əks etdirən çap məhsulu da hazırlanıb. 

Qeyd edək ki, layihənin məqsədi həm Şəkidə sənətkarlara dəstək vermək, şəhərdə turizm nümayiş obyektlərinin sayını artırmaq, həm qədim kəlağayı məhsulunun hazırlanmasını təbliğ edərək məhsula tələbatı artırmaq, həm də seçilmiş tələbələrə qədim kəlağayı sənətini öyrədərək sənətin gənc nəslə ötürülməsinə və yaşamasına töhfə verməkdən ibarətdir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir