Cəmiyyət

Nazir balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edən amillərdən danışdı

Sharing is caring!


“Təsərrüfat fəaliyyətinin hazırda ekstensiv üsullarla aparılması balıq istehsalında məhsuldarlığın aşağı düşməsinə və istehsal edilən balıq məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir edir”.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyanın (CACFish) 8-ci Sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, balıq məhsulları istehsalının keyfiyyət göstəricilərinin və həcminin qənaətbəxş olmaması emal sənayesini kifayət qədər xammalla təmin etməyə imkan vermir, bu da balıq və balıq məhsulları idxalının artmasına səbəb olur:

“Aşağı məhsuldarlığa malik balıq növləri yem təminatı baxımından da təsərrüfatlar üçün əlverişli deyil. Bütün bunlar təbii və süni su hövzələrinin və torpaqların səmərəsiz istifadəsinə, kənd təsərrüfatı təyinatlı torpaqların balıq nohurçuluğu üçün istifadəsi və dövriyyədən çıxarılmasına, balıq və balıq məhsullarının qiymətinin yüksək olmasına, idxal həcminin artmasına və ixrac imkanlarının azalmasına səbəb olur”.

Nazir bildirib ki, daxili su hövzələrində balıqartırma-meliorativ tədbirlərinin həyata keçirilməsi nəticəsində balıq məhsullarının məhsuldarlığını artırmaq mümkündür:

“Ölkəmizdə akvakulturanın inkişafı istiqamətində beynəlxalq təcrübələr nəzərə almaqla müasir tələblərə cavab verən sənaye üsulu ilə sağlam və dayanıqlı balıqçılıq təsərrüfatlarının artırılmasını, balıqçılığın idarəetmə strukturunun təkmilləşdirilməsi, akvakultura ilə məşğul olmaq istəyən sahibkarlar üçün prosedurların sadələşdirilməsi vacib hesab edirik. Qeyd olunan məsələlərdə nailiyyətin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və maraqlı tərəflərlə birgə qarşılıqlı sıx fəaliyyət göstərməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir