Cəmiyyət

Nazir müavini: “Ölkədə istehsal olunan balıqmənşəli məhsullar daxili tələbatı tam ödəmək üçün yetərli deyil”

Sharing is caring!


“CACFish” regionda su bioloji resurslarının artırılması, səmərəli idarə olunması və akvakulturanın dayanıqlı inkişafına hədəflənən vacib mexanizmlərdəndir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyasının (CACFish) növbəti, səkkizinci sessiyası zamanı bildirib.

“Bu gün akvakultura qlobal qida sisteminin mühüm tərkib hissəsinə çevrilərək ərzaq təhlükəsizliyinə, iqtisadi artıma və dayanıqlı inkişafa əhəmiyyətli töhfə verir.

Sənaye balıqçılığı və akvakultura kiçik balıqçılardan tutmuş iri emal müəssisələrində çalışanlara qədər bütün dünyada milyonlarla insanın həyatında mühüm rol oynayır. Dünya əhalisinin təxminən səkkiz faizinin dolanışığı balıqçılıqdan asılıdır.

İnanıram ki, “CACFish”in ölkəmizdə keçirilən cari sessiyasında aparılacaq müzakirələr və qəbul ediləcək qərarlar regionda akvakulturanın daha da inkişafına töhfə verəcək”, – Rauf Hacıyev deyib.

O qeyd edib ki, 2014-cü ildən “CACFish”in üzvü olan ölkəmiz dayanıqlı balıqçılıq və akvakulturanın inkişafı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, kadr potensialının artırılması, idarəetmə sisteminin optimallaşdırılması sahəsində mühüm inkişafa nail olub:

“Ölkədə həyata keçirilən aqrar islahatların nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli irəliləyişə nail olunub, müxtəlif növ kənd təsərrüfatı məhsullarının, o cümlədən balıq və balıq məhsullarının istehsal həcmi artıb. Bununla belə, ölkədə uzun illərdən bəri yığılıb qalmış, balıqçılığın inkişafı ilə bağlı həllini təcili tələb edən bir sıra problemlər mövcuddur. Hazırda ölkədə istehsal olunan balıqmənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil”. 

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda balıqçılıq təsərrüfatının başlıca inkişaf məqsədi balıq məhsullarına daxili tələbatın ödənilməsi, iqtisadiyyatı sahil balıqçılığından asılı olan rayonların sosial-iqtisadi inkişafını təmin edən su bioresurslarının qorunması, artırılması və səmərəli istifadəsi, şirin su akvakulturasının və marikulturanın inkişafı əsasında balıqçılıq təsərrüfatı kompleksinin davamlı fəaliyyətinə nail olmaqdır:

“ETSN FAO ilə birlikdə Azərbaycanda balıqçılıq təsərrüfatı və akvakultura sektorunun siyasi, hüquqi və institusional əsaslarının möhkəmləndirilməsi, su bioresurslarının idarəetmə strategiyası, balıqçılığın inkişafına dair proqramın hazırlanmasında əməkdaşlıq edib.

Qanunvericilik sisteminin təkmilləşdirilməsi bu sahədə kiçik və orta biznesin inkişafına təkan verib və akvakulturanın inkişafına yönəlmiş investisiyaların cəlb edilməsinə şərait yaradıb.

Akvakulturanın inkişafı üçün digər hərəkətverici qüvvə kimi qeyri-qanuni balıq ovu ilə mübarizə və təbiətdə vətəgə əhəmiyyətli balıq növlərinin bərpası tədbirlərini, həmçinin dövlət balıqartırma müəssisələrinin özəlləşdirilməsini qeyd etmək olar.

Təbiətdə balıq ehtiyatlarının bərpası məqsədilə ETSN nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilən nadir və nəsli kəsilmək təhlükəsi altında olan qızılbalıq və nərəkimi, həmçinin çəkikimi balıq körpələrinin təbii su hövzələrinə buraxılması həyata keçirilir.

Yalnız cari il ərzində Xəzər dənizinin və daxili su hövzələrinin  balıq ehtiyatlarının artırılması məqsədilə 600 min ədəddən çox nərəcinsli, 15 min ədəddən çox qızılbalıq və səkkiz milyon ədəddən çox çəkikimi balıq körpələri və son beş il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb”.

“Lakin balıq ehtiyatlarının mühafizəsi və süni şəkildə artırılması problemin həllinə tam şəkildə kömək edə bilmir. Bunun üçün ən optimal yol hazırda dünyada ümumi balıq ovu və istehsalının yarısını təşkil edən əmtəə akvakulturasının inkişaf etdirilməsidir.

Akvakulturada suyun səmərəli istifadəsi, təkrar dövriyyə sistemlərinin tətbiqi, qidalanma təcrübələrinin optimallaşdırılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi vacib elementlərdəndir.

Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə “Azərbaycan Respublikasında akvakulturanın inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.

Proqramın əsas məqsədi əmtəə akvakulturasının dayanıqlı inkişafı ilə balıq və balıq məhsullarının daxili istehsalının və istehlakının artırılması, habelə təbii su hövzələrində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsini təmin etməkdir.

Sonda əminliklə qeyd etmək istəyirəm ki, birgə səylərimiz qlobal akvakulturanın daha da inkişafına, əlverişli və keyfiyyətli balıq məhsullarının istehsalının artmasına töhfə verəcək”, – nazir müavini qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir