Cəmiyyət

Sertifikatlaşdırma ilə məşğul olan qurumların fəaliyyətində nöqsanlar aşkar edilib

Sharing is caring!


İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı araşdırmalarla “Azgidasert” MMC-nin xarici ölkədə akkreditasiya olunaraq ölkə ərazisində müxtəlif qida mallarının sertifikatlaşdırılması fəaliyyətini həyata keçirdiyi, lakin qanunvericiliyin tələblərini pozaraq ölkədə akkreditasiya olunmadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Bu barədə Dövlət Xidməti xəbər verir.

Məlumata görə, aşkar edilmiş nöqsanla əlaqədar olaraq qurum barəsində inzibati xəta barədə protokol tərtib edilib və sifarişçiyə verilmiş uyğunluq sertifikatının ləğv edilməsinə dair müvafiq göstərişlər verilib. Lakin Dövlət Xidmətinin göstərişləri yerinə yetirilmədiyindən qurum barəsində inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, Dövlət Xidmətinin protokolları qanuni hesab edilib və qurum barəsində cərimə şəklində inzibati tənbeh tədbiri görülüb. Məhkəmənin qərarı ilə “Azgidasert”in qanunsuz tərtib etdiyi uyğunluq sertifikatının ləğvi təmin edilib.

Bundan əlavə, “Certus” MMC-nin təqdim etdiyi uyğunluq sertifikatlarının düzgün tərtib edilmədiyi və uyğunsuzluqların olması ilə bağlı şübhəli halları Dövlət Xidməti müəyyən edib. Belə ki, sertifikatlaşdırılmış məhsulun standartının tələblərində yoxlanılmalı olan bir neçə göstəricinin (parametrin) nəzərdə tutulmasına baxmayaraq, yalnız bir göstərici üzrə laboratoriya sınağının aparıldığı və sertifikatın verildiyi aşkar olunub.

Nöqsan aşkar edilmiş uyğunluq sertifikatlarının ləğv edilməsi barədə müvafiq göstərişin verilməsinə baxmayaraq, təyin olunmuş müddət ərzində “Certus” Dövlət Xidmətinin yazılı tələblərini yerinə yetirməyib. Nəticə etibarilə, “Certus”a erilmiş akkreditasiya attestatının qüvvəsi müvəqqəti olaraq dayandırılıb.

Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumları öz fəaliyyətlərində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməyə çağırıb. Həmin qanuna əsasən, qida və qeyri-qida mallarının standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirir və bu barədə uyğunluq sertifikatı verir. Bundan əlavə, təsis edilmiş uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə tanındığı halda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmayıbsa, akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ölkədə akkreditasiya olunmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir