Cəmiyyət

Missiya yerinə yetirildi

Sharing is caring!


Kubra Məhərrəmova yazır…

2023-cü ilin bitməsinə 19 gün qalıb. Düşünürəm ki, hər kəs özünə kiçik də olsa hesabat verir – nələri edə bildim, nələri edə bilmədim, kim idim, kim oldum və s…

Hərdən belə rəylər də rastımıza çıxır, deyirlər ki, “bu il bitsəydi, canımız qurtarardı”. Amma mən 2023-cü ilin bitməsini heç istəməzdim. Çünki, bu il Azərbaycana, dövlət və dövlətçiliyinə o qədər düşərli oldu ki, düz okeanın o tayından əks-sədası gəldi. Azərbaycan bütün ərazilərinə nəzarət edərək, suverenliyini bərpa etdi, Zəfər günü hərbi paradı Xankəndidə keçirildi. Ən nəhayət, 30 illik dərd-sər bitdi, məsələyə möhür vuruldu. 

Bəlkə də, bu hadisələrin bir mistik məqamı da var. Bu il axı həm də ulu öndər Heydər Əliyevin yüzilliyidir.

1969-1982-ci illərdə Respublika rəhbəri seçilən Heydər Əliyevin erməni millətçiləri ilə mübarizəsi başlayır. Sovet hakimiyyəti dövründə heç kimə sirr deyil ki, erməni millətçiləri dəfələrlə Qarabağın Azərbaycandan ayrılmasını və Ermənistana qatılması üçün dəridən-qabıqdan çıxaraq, bəzən rüşvət, bəzən də şantaj metodlarından geninə-boluna istifadə edirlər. Bu məsələdə erməni millətçilərinin havadarları da az deyildi. Bu gün geriyə baxanda bir sıra gizli məqamların üstünün açıldığını görürük. 

Məsələn, Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin (KPMK) birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 300 vərəqə paylanılıb. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilib və təqsirkarlar ciddi cəzalandırılıblar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılıb. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılıb.

Bu sadəcə bir faktdır. Erməni millətçiləri dəfələrlə Qarabağda yaşayan azərbaycanlılara hücum edib, evləri yandırıb və digər cinayətlər törədiblər. Hətta o zaman guya erməni adamın qətlində şübhəli bilinən, daha sonra isə bəraət qazanmış bir azərbaycanlını belə maşında yandıraraq öldürüblər. Bütün bunlar onun üçün idi ki, azərbaycanlılar mərkəzi hökumətdən köməyin gəlmədiyini görüb, Qarabağı tərk etsinlər və Qarabağ isə tamamən ermənilərə qalsın. 

Təbii ki, Heydər Əliyev bütün bunları görür, gözləyir və dahi strateq kimi planlar qururdu. O, heç vaxt imkan verə bilməzdi ki, Qarabağ belə asanlıqla ermənilərin əlinə keçsin. 

Moskvanın təzyiqinə baxmayaraq Heydər Əliyev zərgər dəqiqliyi ilə addımlar atmağa başlayır. İlk növbədə Şuşanın statusunu yüksəldərək, ümumittifaq səviyyəli kurort şəhərinə çevirir. Bu 1970-ci illərin ikinci yarısına təsadüf edir. Bundan savayı Şuşada tarixi abidələrin bərpasını, yeni iş yerlərinin açılmasını, bir sıra mədəni tədbirlərin keçirilməsini həyata keçirir ki, bununla da Qarabağda, Şuşada azərbaycanlı kadrların çoxalmasını təmin edir. Bəli, əsas şərt həmin ərazilərdə azərbaycanlıların sayını çoxaltmaq olur. Çünki erməni millətçilərinin Qarabağın Ermənistana birləşdirilməsinin əsas səbəbi də elə o göstərilirdi ki, bu ərazidə ermənilər daha çoxdur. 
Heydər Əliyevin növbəti addımı isə kommunikasiya idi. Yuxarı Qarabağın Aran Qarabağ və digər rayonlarla əlaqəsini yaxşılaşdırmaq üçün Ağdam-Xankəndi dəmir yolu xəttini çəkdirir. 1979-cu il yanvarın 12-də şəxsən öz iştirakı ilə missiyanı sona çatdırır. 

Növbəti strateji addım Molla Pənah Vaqifin məzarının abidə şəklinə gətirilməsi idi. Bəli, azərbaycanlı şair və vəzirin bu torpaqlarda yaşamasını və məzarının da məhz bu torpaqda olmasını sübut edən abidənin ucaldılması təsadüfi deyildi. 1982-ci il yanvarın 14-də güclü qarın yağmasına baxmayaraq Heydər Əliyev ailə üzvləri ilə birlikdə mərasimdə iştirak edir.

İllər sonra biz ölkə başçısı İlham Əliyevin də eyni addımı atdığının şahidi olduq. Ermənilərin dağıtdığı Vaqif məqbərəsi yenidən bərpa etdirir və Heydər Əliyevin dövründə olduğu vəziyyətə gətirilir. Və Heydər Əliyevin dövründə çəkilən ağ-qara fotolar bu dəfə rəngli fotolarla əvəz olunur. Məğz isə eynidir. Bu torpaqlarda biz olmuşuq, biz varıq və biz olacağıq. 

1982-ci ildə daha bir hadisə baş verir. Təbii ki, bütün bu baş verənlər erməni millətçilərini narahat edir. Heydər Əliyev bu dəfə Şuşada Xurşidbanu Natəvanın abidəsinin açılışını həyata keçirir. Bəli, Xan qızı və şairənin Şuşaya aid olmasını əbədiləşdirir. Təbii ki, ölkə başçısının hər dəfə Qarabağ ərazisinə səfər etməsi orada yaşayan azərbaycanlılara dəstək idi. Sanki ulu öndər sətiraltı bildirirdi ki, “qorxmayın, mən sizinləyəm! Bizi buradan heç bir qüvvə çıxara bilməz!” mesajını verirdi.

Belə gizli mesajlardan biri də Xankəndi şəhərində Heydər Əliyevin göstərişi ilə Pedaqoji İnstitutun yaradılması və orada Azərbaycan bölməsinin açılması idi. Bu isə ətraf ərazilərdən Xankəndi şəhərinə azərbaycanlıların axınını təşkil etdi. Bəli, oraya xeyli sayda azərbaycanlı gənclər təhsil almağa gəlir, orada çalışan azərbaycanlı ziyalılar isə çalışmağa daha çox həvəslənirdilər.

Bütün bu tədbirlər nəticəsində bir vaxtlar mərkəzi hakimiyyətdən qopmuş Qarabağa kimlərin sahib olması barədə dəqiq təəssürat yaradırdı.

Təəssüflər olsun ki, Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması nəticəsində bütün bir xalq uduzdu, yiyəsiz qaldı. Və erməni millətçiləri uzun zaman bəslədikləri ideyalarını həyata keçirə bildilər. Qarabağ təcavüzə, işğala məruz qaldı. Bir milyondan çox qaçqın və məcburi köçkünü olan, 20 faiz ərazisi işğal olunan Azərbaycan yenə nicat yolunu Heydər Əliyevdə gördü. Ulu öndər yenə də Azərbaycanın maraqlarını müdafiə etmək üçün özünü od-alovun içərisinə atır. Bu dəfə mübarizə şərti olaraq bir ölkə ilə deyil, az qala bütün dünya ilə davam edir. 

Qısa statistikanı qeyd etmək yerinə düşər. Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirib. Bu görüşlərin hamısında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Bu məsələ ABŞ prezidenti və xarici işlər naziri 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə edilib. Hər dəfəsində də ərazilərin Azərbaycana məxsus olduğu vurğulanıb və Azərbaycan xalqının bu ərazilərin itirilməsi ilə bağlı fikirlərlə heç zaman barışmayacağı qeyd edilib. 

Heydər Əliyevin siyasi qələbələrində biri də Lissabon sammiti hesab olunur. Son sənədə veto qoyacağını elan edən Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün tanınmasını dünyanın 53 dövləti tərəfindən qəbul olunmasına nail olur. 

Bu gün Heydər Əliyevin 100 illiyi məqamında adamda istər-istəməz sual yaranır. Görəsən bütün bu baş verənləri görsəydi, Heydər Əliyev nə deyərdi?

Bütün ömrü boyu Azərbaycanı sevən, onun ərazi bütövlüyü uğrunda bəzən gizli, bəzən də açıq mübarizə aparan Heydər Əliyev 21 dekabr Xankəndidə “Qarabağ” – MOİK futbol klublarının qarşılaşması üçün bərpa olunan stadionu görüb nə deyərdi?

Şuşaya, Kəlbəcərə, Laçına, Füzuli, Ağdama baxıb nə deyərdi? 

Məncə deyərdi ki, missiya yerinə yetirildi. Necə ki, Ali Baş Komandan məruzə etdi: “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir