Cəmiyyət

“Görülən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır” – FOTO

Sharing is caring!


Sağlamlıq həyatdakı ən dəyərli xəzinəmizdir. Məhz bu səbəbdəndir ki, kiməsə alqış edəndə ilk olaraq ona sağlam həyat yaşamasını arzulayırıq. Cəmiyyətin sağlam yaşaması, öz sağlamlığının qayğısına qalması gələcək nəsillərin də sağlam formalaşmasına zəmin yaradır. Ona görə bu gün dövlətin də sosial siyasətinin prioritet mövzusu xalqın sağlamlığıdır.

Ölkəmizdə səhiyyə sistemi mövcud şərtlərə, cəmiyyətdəki dəyişikliklərə və dünyada baş verən qlobal hadisələrə paralel olaraq inkişaf etməkdədir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təməli qoyulmuş səhiyyə sisteminin inkişafı Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra da davam edib, əhalinin sağlamlığının və rifahının davamlı olaraq yaxşılaşdırılması məqsədilə səhiyyə sahəsində müvafiq tədbirlər həyata keçirilib, kadr potensialı, maddi-texniki baza gücləndirilib, bu sahədə müvafiq layihələr, mühüm dövlət proqramları həyata keçirilib.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra səhiyyə sisteminin inkişafına və dirçəldilməsinə xüsusi diqqət göstərdi, onun tapşırıqları əsasında “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Ümummilli liderin nəzarəti ilə görülən tədbirlərdə əsas hədəf tibb sahəsində mühüm elmi nailiyyətlərin əldə olunması, əhalinin sağlamlıq göstəricilərinin artırılması, bu sahədə fəaliyyət göstərən kadrların ixtisaslaşdırılması, səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi idi. “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”, – deyən ulu öndər tibb elminin inkişafına da xüsusi diqqət yetirirdi. Onun hakimiyyəti illərində Azərbaycan Tibb Universitetinin yeni tədris binası istifadəyə verildi, tibb sahəsində 100-dən çox elmi məqalə dərc olundu, eyni zamanda, monoqrafiya və dərs vəsaitləri çap edildi.

H.Əliyev, həmçinin, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin tibbi təminatı ilə bağlı məsələləri də daim diqqət mərkəzində saxlayıb, Azərbaycan Respublikasında Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Onun hakimiyyəti illərində səhiyyə sahəsində 15-dən çox qanun qəbul olunub. Eyni zamanda, həmin illərdə şəhid ailələri Azərbaycanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürülüb, müasir tələblərə cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı həyata keçirilib. Təsadüfi deyil ki, həmin illərdə səhiyyə və tibb sahəsində həyata keçirilən islahatlar Qafqazda yoxlamalar aparan ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin inspektorları tərəfindən də yüksək qiymətləndirildi.

Hazırda da səhiyyə sisteminin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin başlatdığı inkişaf strategiyasını uğurla və müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycanın hər bir vətəndaşının sağlamlığının qorunması, sağlam ətraf mühitdə yaşaması və yüksəkkeyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində uzaqgörən qərarlar qəbul edir, tədbirlər həyata keçirir. Paytaxt ərazisində və bölgələrdə müasir tibb mərkəzlərinin açılması, köhnə tibb mərkəzlərinin yenidən bərpa olunaraq beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təmin olunması, hər il ölkə səhiyyəsinə yüzlərlə peşəkar mütəxəssis bəxş edən Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının açılışı, tibb elmi sahəsində çoxsaylı araşdırmaların aparılması, elmi məqalələrin dərc edilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması ölkə rəhbərliyinin səhiyyə və tibb sahəsində əhaliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Eyni zamanda, 2004-cü ildən bəri həyata keçirilən uğurlu siyasət nəticəsində bu sahədə islahatlar daha da sürətlənib, səhiyyə sisteminin idarə olunması təkmilləşdirilib, əhalinin sağlamlığının qorunması ilə bağlı bir sıra mühüm dövlət proqramları (“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”, “Qan xidmətinin inkişafı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Şəkərli diabet üzrə Tədbirlər Proqramı”, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı” və s.) qəbul edilib, əhaliyə tibbi yardım göstərilməsi mexanizmi müasir tələblərə uyğunlaşdırılıb, tibb müəssisələrinin müasir maddi-texniki baza ilə təmin edilməsinə, tibb elmi və təhsili üzrə peşəkar kadrların yetişdirilməsi və yüksəkixtisaslı tibbi kadrların çatışmazlığı problemlərinin həlli üçün müvafiq tədbirlərin görülməsinə nail olunub.

İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması, Azərbaycan Respublikasında səhiyyə sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması istiqamətində atılan yeni bir addım oldu. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması isə ölkədə icbari tibbi sığortanın tətbiqinin təmin edilməsində böyük rol oynadı.

Səhiyyə sahəsində dövlət siyasətinin uğurlu nəticələri dünyada tüğyan edən koronavirus pandemiyası dövründə özünü daha qabarıq şəkildə göstərdi, Azərbaycan pandemiya çağırışına ən tez reaksiya verən və pandemiyaya qarşı fəal mübarizə aparan ölkələr sırasında oldu. Hələ pandemiyanın ilk vaxtlarında “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı”, daha sonra Tədbirlər Planı təsdiq edildi, ölkə başçısının müvafiq sərəncamı əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, ölkədəki epidemioloji vəziyyətə uyğun olaraq xüsusi karantin rejimi tətbiq edildi. Pandemiya şəraitində artan tələbatı qarşılamaq, xəstəliyi vaxtında və dəqiq müəyyən etmək məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar yaradıldı, tibb işçilərinin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində ölüm səviyyəsi daha aşağı oldu. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda virusa qarşı vaksinasiyaya başlayan ilk ölkə oldu. Həmçinin, pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının üç-beş mislinədək miqdarda müddətli əlavələr ödənildi.

Pandemiya dövründə ölkə başçısının virusa qarşı mübarizə ilə bağlı görülən tədbirlərə birbaşa nəzarəti, bu barədə verdiyi qərarlar, beynəlxalq tədbirlərdə çıxışları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirildi, virusa qarşı mübarizədə Azərbaycan təcrübəsi təqdir edildi, həmçinin, Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də uğurlu olduğu vurğulandı. Prezidentin öz çıxışında da qeyd etdiyi kimi, görülən bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır.

Vətən müharibəsi dövründə də tibb işçiləri həm ön, həm də arxa cəbhədə yüksək peşəkarlıq nümayiş etdirdilər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralandı, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. Müharibənin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi idi.

Şəhid ailələrinə, qazilərə, hərbi qulluqçulara yüksəksəviyyəli tibbi yardımın göstərilməsi də dövlət siyasətinin əsasını təşkil edir. Belə ki, müharibədən dərhal sonra Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanan və şəhid olan hərbçilərin ailələrinin təminatına dəstək olaraq “YAŞAT” Fondu yaradıldı, fondun dəstəyi ilə qazilərimizin müalicəsinə başlanıldı. Paytaxt ərazisində və bölgələrdə qazilər və şəhid ailələri üçün ödənişsiz tibbi yardım aksiyaları təşkil olundu, onlara xidmət göstərən psixoloji yardım mərkəzləri fəaliyyətə başladı.

Azərbaycan müstəqillik əldə edəndən bu günədək səhiyyə sahəsində aparılan islahatlar, görülən tədbirlər, əsasən, əhaliyə yüksəksəviyyəli tibbi xidmət göstərilməsi, tibbi yardım standartlarının tətbiqi vətəndaşların tibb müəssisələrinə inamını artırmağa istiqamətlənib. Qeyd etdiyimiz kimi, ölkə başçısının xüsusi nəzarəti altında son illər bu istiqamətdə ardıcıl və əhəmiyyətli addımlar atılır. Səhiyyənin səmərəliliyinin artırılması, səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi, tibb sahəsinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə səhiyyə və tibb elmi sahələrində nailiyyətlər əldə etmiş ölkələrlə əməkdaşlıq qurulub, geniş təcrübə mübadiləsi aparılıb. Eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə İcbari tibbi sığortanın Xidmətlər Zərfi təsdiqlənib və zərfə 2550 tibbi xidmət daxil edilib. Daha sonra isə 775 sayda yeni tibbi xidmət əlavə olunaraq ümumi sayı 3315-ə çatdırılıb.

Hazırda ölkə ərazisində qızılca xəstəliyinin yaratdığı epidemioloji vəziyyətlə əlaqədar da dövlət səviyyəsində tədbirlər həyata keçirilir, peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb olunması ilə bağlı işlər görülür, peyvəndin vacibliyi ilə bağlı valideynlər maarifləndirilirlər.

Rövşən Əsədov

Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə…” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir