Cəmiyyət

Rafael Süleymanov: “Bu gün intihar və buna cəhdlərin sayında ciddi artım qeydə alınır”

Sharing is caring!


“Bu gün intihar və buna cəhdlərin sayında ciddi artım qeydə alınır. Hüquq-mühafizə orqanları belə halların qarşısının alınması üçün ciddi tədbirlər görürlər. İntihara cəhd etmiş şəxslə bağlı sonradan psixoloji ekspertiza aparılır ki, o, həqiqətənmi özünü öldürmək istəyib? Lakin təəssüf ki, bu sahədə psixoloji ekspertizalarımız azdır”.

Oxu.Az-ın məlumatına görə, bunu “Məişət zorakılığının qarşısının alınması: İmkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı çıxışında Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən intihar hallarının açılmasında ciddi problemlər yaşanır:

“İntihar halları, əsasən, ailə daxilində baş verdiyi üçün belə hadisələr çox zaman qapalı qalır. Yaxınları bu haqda məlumat vermək istəmirlər. Ona görə belə halların araşdırılması ya natamam qalır, ya da heç açılmır. Bu istiqamətdə hüquq-mühafizə orqanları ciddi problemlərlə qarşılaşırlar”.

R.Süleymanov qeyd edib ki, bu cinayətlərin başvermə səbəbini araşdıranda onların, əsasən, erkən və qanunsuz nikahlardan qaynaqlandığı məlum olur:

“Digər cinayətlər var ki, biz zərərçəkmiş şəxslər barədə xəstəxanalardan məlumat alırıq. Sanki bu haqda məlumat verməkdə ictimai qınaq var. Zərərçəkmiş şəxs sonradan həqiqi olmayan məlumatlar verir və ya barışmaq üçün ərizə təqdim edir.

Ən problemli hal odur ki, zərərçəkmiş şəxs məhkəmədə istintaqa verdiyi məlumatdan fərqli məlumat təqdim edir. Nəticədə cinayət bağlı qalır”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir