Cəmiyyət

“Ümid edirik ki, gələn il Dövlət İmtahan Mərkəzi Qarabağ Universitetinə də qəbul keçirəcək” – ŞƏRH + FOTO

Sharing is caring!


“30 illik işğal dövründə ermənilər Qarabağda mövcud olan bütün tarixi, dini, mədəniyyət abidələrini yerlə bir etdilər, məktəbləri, muzeyləri, təhsil müəssisələrini viran qoydular. Artıq Qarabağın azad olunması dövlət başçısının dili ilə desək, oranın cənnətə çevrilməsinə səbəb olacaq”.

Bu fikirləri Oxu.Az-a Xankəndidə Qarabağ Universitetinin yaradılmasının əhəmiyyəti haqqında danışarkən tarixçi-deputat Anar İsgəndərli deyib. O qeyd edib ki, Qarabağı cənnətə çevirmək üçün gecə-gündüz quruculuq işləri aparılır, infrastruktur layihələri icra edilir, yeni tikililər ucaldılır:

“Bu quruculuq işləri içərisində təhsillə bağlı həyata keçirilənlər də xüsusi yer tutur. Məlum olduğu kimi, 1969-cu ildə Xankəndidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı fəaliyyət göstərirdi. Sonradan həmin filial müstəqil ali məktəbə çevrildi. 1990-cı illərin əvvəllərindən başlayaraq, azərbaycanlı müəllimlər və tələbələr bu ali məktəbdən didərgin salınıb, qaçqın və köçkün həyatı yaşamağa məcbur edildilər. Artıq Xankəndi şəhərimiz azad edildi və Azərbaycana qarşı məkrli siyasət həyata keçirən qüvvələr buradan çıxarıldılar. Bu gün Xankəndi Azərbaycanın azad şəhərlərindən biridir və üçrəngli bayrağımız burada şərəflə dalğalanır. Deməli, Qarabağda quruculuq işləri uğurla getdiyi kimi, orada ali məktəb də yaradılmalıdır. Bu ali təhsil ocağı Qarabağ Universiteti olacaq.

Öz doğma torpağına qayıdan, qəlbi Qarabağla döyünən hər bir gənc Xankəndidəki Qarabağ Universitetində oxumaq istəyir. Ona görə mən əminəm ki, 2024-25-ci tədris ilində Dövlət İmtahan Mərkəzi artıq Qarabağ Universitetinə də qəbul keçirəcək. Xankəndidə oxumaq istəyən tələbələr üçün yerlər ayrılacaq, fakültələr müəyyən olunacaq, tələbələrin sayı dəqiqləşdiriləcək. 2024-cü ilin sentyabr ayında burada azərbaycanlı tələbələr üçün də yeni dərs ili başlayacaq”.

Deputat vurğulayıb ki, Qarabağ Universitetində yaradılacaq fakültələrin hər biri Azərbaycanla, onun tarixi, inkişafı ilə bağlı olmalıdır:

“Xüsusilə burada Tarix fakültəsinin yaradılması önəmlidir. Bu o deməkdir ki, tarix fənnini tədris edən müəllimlər Qarabağın tarixini təkcə kitablarla deyil, həm də əyani şəkildə, yerindəcə tələbələrə çatdıra biləcəklər.

Azərbaycan öz tarixi torpaqlarının sahibidir və bu torpaqlar bir daha düşmən işğalı altına keçə bilməz. Azərbaycanın dövlət başçısı dönə-dönə qeyd edir ki, zaman gələcək, Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa olunacaq. Ancaq ermənilərin azərbaycanlılara qarşı törətdiklərini heç vaxt yaddan çıxartmaq olmaz. Bu qanlı, amansız tarixi yaddan çıxartmamaq üçün həm tarix dərslərimizdə, həm də gənclərin, tələbələrin yaddaşlarında, yazılan əsərlərdə önə çəkməliyik. Əminəm ki, Xankəndidə, Qarabağ Universitetində bu tarix hər gün övladlarımıza, tələbələrimizə çatdırılacaq”.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir