Cəmiyyət

Dörd yaşlı Aliyənin atasından yardım ÇAĞIRIŞI: “Qızımı gündəlik iztirabdan xilas edəcək cihaz var” – FOTO

Sharing is caring!


Şəkər xəstəliyindən əziyyət çəkən dörd yaşlı Aliyə hər gün barmaq deşilməsindən əziyyət çəkir. Bu ağrılı prosedurun sayı gecələr də daxil olmaqla gündə 20-yə çatır. Kiçik qızın həyatı əsl kabusa çevrilib, uşağın barmaqlarında salamat yer qalmayıb.

Bu barədə uşağın atası, Bakı şəhər sakini Nazim Manayev Media.Az-a müraciətində deyib.

Onun sözlərinə görə, yeganə qızlarının əziyyətini izləmək nə qədər çətin olsa da, proseduru davam etdirmək məcburiyyətindədirlər. Aliyənin həyatı bundan asılıdır, çünki onun orqanizminə insulinin hansı dozada daxil ediləcəyini bilmək üçün onun qan şəkərinin səviyyəsinə daim nəzarət etmək vacibdir.

Xoşbəxtlikdən, diabetli insanların ağrı və iztirab hiss etməsinin qarşısını alan cihazlar var. Lakin maddi imkanlar ailəyə onları almağa imkan vermir.

Qızın atası qızının xəstəliyinin necə inkişaf etdiyini danışıb.

“Hər şey keçən ilin dekabrında başladı. Aliyə qarın ağrısından şikayət edirdi, bəzən qusmağa qədər gedirdi. Dərhal Bakıdakı özəl klinikalardan birində pediatra müraciət etdik. Həkimin səhv diaqnozu ucbatından yanlış müalicəyə görə bir aydan çox vaxt və 1 000 manata yaxın pul itirdik. Qızım getdikcə pisləşir, gözümüzün qabağında əriyirdi: xeyli arıqlamışdı, gündə dörd litrə yaxın su içirdi… İş o yerə çatdı ki, müstəqil yeriməyi dayandı. Başqa bir həkimə müraciət etmək qərarına gəldik. O, dərhal müəyyən etdi ki, Aliyə şəkər xəstəsidir. Qanda şəkər analizinin nəticələrini görən pediatr şoka düşdü və körpəmi dərhal reanimasiyaya yerləşdirdilər. Həkim dedi ki, belə şəkər səviyyəsi ilə Aliyə dəqiqələr ərzində komaya düşə bilər…

O gündən həyatımız “əvvəl” və “sonra”ya bölündü. Bizi bu xəstəliyin mümkün fəsadları çox qorxudur: böyrək çatışmazlığı, görmə qabiliyyətinin itirilməsi, hətta aşağı ətrafların amputasiyası… Fəsadların qarşısını almaq üçün qan şəkərinin səviyyəsini təyin etməyə görə qızımızın barmaqlarını gündə 15-20 dəfə gecə-gündüz demədən deşirik. Aliyə bundan dəhşətli dərəcədə qorxur. Bütün əlləri qanlı dəliklərlə doludur. Hər dəfə ürəyim parçalanır, buna baxanda özümü pis hiss edirəm”, – deyə o bildirib.

Nazim müəllimin dediyinə görə, qızlarını gündəlik iztirabdan xilas edə biləcək iki növ cihaz var. Birincisi “Freestyle Libre”dir. Qola taxılan, sensorunun ucu dərinin altına yerləşdirilən bu cihaz hər 15 dəqiqədən bir avtomatik olaraq qlükoza göstəricilərini ölçür. Belə aparatın qiyməti 125 manatdır, lakin 14 gündən bir dəyişdirilməlidir.

“Onu pulla almaq həmişə mümkün olmur. İki klinikada müalicə üçün götürdüyümüz borcları hələ tam ödəməmişik. 600 manat maaşım dörd nəfərlik ailəni dolandırmağa güclə çatır. Bir yaşlı oğlumuz da var.

İkinci cihaz qan şəkərinin səviyyəsini avtomatik izləmək və şəkərli diabet xəstəsinin orqanizminə insulin vurmaq üçün xüsusi insulin nasosudur. Bu möcüzəli cihaz xəstənin normal həyat sürməsinə şərait yaradır. Ancaq bu cihaz 8 000 manatdır, əlavə olaraq, nasos üçün ayda 500 manat lazımdır. Bu mənim üçün əlçatmaz məbləğdir”, – deyən uşağın atası kömək istəyir.

Hər kəsi balaca Aliyənin iztirablarına laqeyd qalmamağa və bacardıqları qədər kömək etməyə çağırırıq.

Atası ilə əlaqə nömrəsi: (+994 10) 218-16-19

Köməklik göstərmək istəyənlər aşağıdakı bank kartına pul köçürə bilərlər:

“Kapital Bank”: 4169 7377 0925 8806.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir