Cəmiyyət

Xaçatryan niyə günahlarını etiraf etmədi? AYXMAN TƏCRÜBƏSİ

Sharing is caring!


Qan Turalı yazır…

Hanna Arendtin “Ayxman Yerusəlimdə” adlı bir əsəri var… Əvvəlcə Arendt sonra isə Ayxmanla bağlı kiçik arayış verim. Hanna Arendt ABŞ-yə mühacirət edən yəhudi filosof idi. Hanna mühacirət etməsəydi Ayxmanın növbəti qurbanlarından biri olacaqdı. Çünki Ayxman nasistlərin təşkil etdiyi yəhudi ölüm düşərgələrinin nəqliyyat işlərini idarə edirdi. Milyonlarla yəhudini dəqiq təşkil edilmiş qatar səfərləri ilə ölümə məhz Ayxman yollamışdı. Bu mənada Ayxmanla Hannanın görüşü bir növ qatillə qurbanın görüşü idi.

Ayxman müharibədən sonra qaçıb Argentinada gizlənmişdi. Müharibənin başa çatmasından düz 15 il sonra, 1960-cı ildə Ayxman Mossadın gizli əməliyyatı ilə Buenos Ayresdə saxlanılaraq gizli yollarla İsrailə gətirildi. Burada məhkəmə qarşısına çıxarılan Ayxman ölüm hökmünə məhkum ediləcəkdi. Hanna Arendt “Nyu Yorker” jurnalının əməkdaşı kimi Ayxmanın məhkəməsini izləmək üçün İsrailə ezam olunmuşdu. Qatillə potensial qurbanın görüşü məhkəmədə baş tutacaqdı.

Ancaq məhkəmə bütün gözləntiləri boşa çıxartdı. Belə ki, istər jurnalistlər, istərsə də ictimaiyyət Ayxmanın qəddar, cani bir adam kimi təsəvvür edirdi. Ancaq Arendtin də yazdığı kimi məhkəmədə qarşılarına son dərəcə adi, hətta bəsit bir adam çıxmışdı. O, özünü müdafiə edərək heç kimi öldürmədiyini, öldürmək üçün əmr vermədiyini, hətta yəhudilərin yola salındığı qatar stansiyalarına və ölüm düşərgələrinə getmədiyini bildirirdi. Ayxman əmrləri yerinə yetirmiş,  daha konkret desək yəhudilərin ölüm düşərgələrinə yola salınması üçün səfərlər təşkil etmişdi. Arendtin fikrincə, Ayxmanın günahı ona verilən heç bir əmri mühakimə etməməsi, törətdiyi hərəkətin nəticələri barədə düşünməməsi olmuşdu. Bir sözlə, Ayxman nasist dövlət aparatının zirək məmurundan başqa heç bir şey deyildi. O ancaq özünə verilən əmrləri qeyd-şərtsiz yerinə yetirmişdi.

Ayxman haqqında Arendtin və başqalarının yazdıqlarını oxuyanda əlbəttə ki, yadımıza Meşəli qətliamının həbsində təqsirləndirilən və məhkəmə tərəfindən günahkar bilinən Vaqif Xaçatryan düşür. Bu iki caninin müqayisəsi gərəklidir.

Xaçatryan Ayxmandan fərqli olaraq silahlı basqın, qətl və digər cinayətləri şəxsən törətmişdi. Ancaq Ayxman kimi o da öz əməllərini etiraf etmir, qəti inkar mövqeyində dayanır. Halbuki, hələ hadisənin baş verdiyi 1991-ci ildə belə alınan ifadələrdə Vaqif Xaçatryanın adı əsas cinayətkar kimi keçirdi. Xaçatryan və onun silahdaşları 28 mülki şəxsi xüsusi amansızlıqla öldürmüşdü. Hadisənin üstündən 32 il keçsə də onun cinayətini təsdiq edən təkzibedilməz sübutlar var.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində ölüm hökmü nəzərdə tutulmadığı üçün Xaçatryan ölüm hökmünə məhkum edilmədi. Ona nəzərdə tutulan ən ağır cəza 15 il həbs cəzası verildi. Xaçatryan istər istintaqa, istərsə də məhkəməyə verdiyi ifadələrdə və son sözündə günahsız olduğunu vurğulayırdı. Eynən Ayxman kimi…

Əlbəttə ki, Xaçatryan ağılsız adam deyil, o Azərbaycan ədalətinin pəncəsindən xilas olmayacağına, heç bir halda bəraət almayacağına əmindir. Ancaq o nəyə görə etiraf yolu tutub cəzasının yüngülləşdirilməsinə cəhd göstərmədi? Bu sual məncə, son dərəcə əhəmiyyətli sualdır.

Zənnimcə, Xaçatryan öz əməllərinin cinayət tərkibi daşımadığına əmindir. O, özünü zərrə qədər günahkar bilmir. Məhkəmədə dəfələrlə ağlasa belə onu heç bir vəchlə səmimi insan adlandırmaq olmaz. O həqiqətən qurbanları və qurbanların yaxınlarını düşünsəydi öz günahlarını etiraf edər və əfv diləyərdi. Ancaq o məhkəmədə şəxsən əfv diləmək yerinə Meşəli cinayətinin iştirakçıları əvəzindən əfv istədi. Halbuki bütün şahid ifadələrində məhz onun adı keçirdi.

Qarşımızda Ayxmandan belə qəddar olan bir cani dayanıb. Ayxman soyqırımı cinayətlərinin təşkilində birbaşa iştirak etməsə də, bu cinayətlərin gerçəkləşdirilməsi üçün ideal şərait hazırlamışdı. Xaçatryan isə şəxsən soyqırımı cinayətinin törədilməsində iştirak etmişdi. O, özünü zərrə qədər günahkar da bilmirdi. Bilsəydi, gizli yollarla Ermənistana qaçmağa cəhd göstərərdi. Özü də məhkəməyə verdiyi ifadədə günahsız olduğu üçün Ermənistana getmədiyini deyib. O, günahsız deyil, sadəcə olaraq özünü günahsız hesab etmir.

Xaçatryanın gözü etnik nifrətlə dolduğundan, öz qonşularına, şəxsən tanıdığı insanlara qarşı soyqırımı cinayəti törətmişdi. Onun heç bir bəraəti yoxdur. Ancaq məhkəmədə bütün əməllərini inkar edən Xaçatryan özünü heç zaman günahkar hesab etmədi. Eynən Ayxman kimi…

Qondarma rejimin separatçı rəhbərlərinin məhkəməsi də Ayxman paralelində maraqlı olacaq. Görək, onlar özlərini necə müdafiə edəcəklər?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir