Cəmiyyət

Geriyə dönməklə bağlı problem: Qurum deyir, yanlışlıq yoxdur… – FOTO

Sharing is caring!


Bir neçə gün öncə Azərbaycanda magistralda yol nişanlarının quraşdırılmasında yanlışlığa yol verilməsi ilə bağlı görüntülər yayılmışdı. Bakı-Qazax istiqamətində sürücülər yol boyunca bütün geriyə dönmə nişanlarının (5.11.1) səhv quraşdırıldığını və ümumiyyətlə bu yolda nişanlanma ilə bağlı vəziyyətin ürəkaçıcı olmadığını dilə gətirmişdilər.

Qeyd edək ki, qanunvericiliyə görə, geriyə dönmə üçün məlumat verən nişan yolun həmin hissəsindən 150-300 metr öncə quraşdırılmalıdır. Lakin sözügedən videoda görünür ki, nişan yolun avtomobillərin geriyə dönməsi üçün nəzərdə tutulmuş hissəsi ilə paralel qoyulub. Bu isə sürücüləri çaşdırmaqla yanaşı, həm də ciddi təhlükə yaradır. 

Bu, yol nişanları ilə bağlı məsələni daha da aktuallaşdırdı: onlar hansı şəkildə tənzimlənməlidir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilmişdi ki, yol nişanları ilə bağlı hər hansı yanlışlıq yoxdur, ancaq əməkdaşlarını əraziyə göndərməyi söz vermişdilər.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, geriyə dönmə nişanı 300 metr irəlidə olmalıdır:

“Müvafiq nişan yolun geriyə dönmə hissəsindən 300 metr əvvəldə quraşdırılmalıdır ki, sürücülərin öncədən xəbəri olsun. Düz qarşısında qoyulanda bu, çaşqınlıq yarada bilər”.

Ekspert qeyd edib ki, dünyada yol hərəkəti təhlükəsizliyini daha da təkmilləşdirməkdən ötrü “Vision zero” (yollarda ölüm hallarına sıfır dözümlülük siyasəti) konsepsiyası tətbiq olunur:

“Bu konsepsiyaya görə, birinci dərəcəli, 20 mindən artıq hərəkət intensivliyi olan yollarda müxtəlif səviyyədə geriyə dönmə təşkil olunur. Müxtəlifsəviyyəli süni qurğularla təşkil olunur ki, bu da hərəkət intensivliyi yüksək olan yollarda qəzaların sayını sıfıra endirir”.

Ekspert qeyd edib ki, hərəkət intensivliyi aşağı olan yollarda bundan başqa, əlavə bir cib formasında qurğu təşkil olunur:

“Bu da geriyə dönməni icra edən sürücünün digər hərəkət iştirakçılarına maneə törətmədən yolun digər hissəsinə keçməsinə imkan yaradır. Bizdə, məsələn, M2 magistralında, Yevlax şəhəri ərazisində Kürün üzərindəki körpünü keçən kimi geri dönmə var. Amma orada cib yoxdur və bu da təhlükə yaradır.

Orada cibin təşkilinə ehtiyac var. Həmçinin, həmin Yevlax ərazisində M2 Bakı-Qazax-Gürcüstan sərhədi magistralı ilə R28 Yevlax-Xocalı-Laçın yolunun kəsişmə nöqtəsi də dairə ilə təşkil olunub. Bu da birinci dərəcəli yolda müxtəlifsəviyyəli təşkil olunmalıdır ki, hərəkət iştirakçıları daha rahat, təhlükəsiz hərəkət edə bilsinlər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir