Cəmiyyət

Kəlbəcər elinə Günəş doğur, nur ələnir, yeni həyat gəlir

Sharing is caring!

          Şəhər gününü ürək dolusu qeyd etdiyimiz Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi.

       Doğrudur, Kəlbəcər döyüşsüz təslim olundu, amma buna qədər Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Onun gözü qorxmuşdu və bundan sonrakı dövrdə –  müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi. 

       Düşmənin təbliğatı taktiki geriləmə haqqında gecə-gündüz yalan informasiyalar yayırdı, bu haqda cəfəng məlumatlar ötürülürdü. Onlar artıq götürdüyümüz şəhər və kəndlərimizi döyüş gedən kənd və şəhərlər kimi təqdim edirdilər. Ancaq real həyatda, real döyüşlərdə artıq hər kəs hər şeyi görürdü.     

        Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə münaqişəı başa çatdıqdan sonra dərhal start verilmişdir. İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb.

      İlk Yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan kimi əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.

         Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək. Yanşaq kəndində ümumilikdə 421 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

        Və bunlar xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır. Biz möhkəm inanırıq ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq strategiyasının hörmətli Prezidentimiz tərəfindən uğurlu davamı müstəqil dövlətimizin qüdrətini daha da artıracaq.       

Emil Şəmmədov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir