Cəmiyyət

Sizi necə aldatmaq olar?

Sharing is caring!


Qan Turalı yazır…

“Qulaq hər gün yeni söz eşitməsə kar olar” sözünü bu günlər üçün belə dəyişdirə bilərik: “Qulaq hər gün yeni bir fırıldaq eşitməsə kar olar”. Ən yeni məsələ isə “Pazfarm” adlı şirkət haqqındadır. 

Deməli, şirkət müxtəlif kənd təsərrüfatı məhsullarını guya əkir, insanlara bu şəbəkə sisteminə qoşularaq pul qazanmaq vədi verirdi. Ancaq sistemə qoşulub ora pul yatıranlar indi heç kimi tapa bilmirlər. Zərərin miqdarı isə böyükdür, belə ki, maşınını satıb ya da bankdan kredit götürüb sistemə qoşulanlar da var idi. Bəzi şəxslərin 50 min manatdan artıq pul itirdiyi deyilir. Hazırda Daxili İşlər Nazirliyi məsələni araşdırır. 

Ancaq təəssüf ki, bu və bu kimi cinayət əməllərində günahkarları tapıb-cəzalandırmaq heç də asan olmur. Bu şəxslər əsasən xarici ölkələrdə fəaliyyət göstərir və müxtəlif vasitələrlə hüquq-mühafizə orqanlarından gizlənə bilirlər. Ancaq təəssüf ki, bu cür onlarla fırıldaqçılıq ifşa edilsə də insanların bir qismi hələ də onların toruna düşməyə davam edir. 

Burada bir neçə məqam üzrə təhlil aparılmasına ehtiyac var. Hər şeydən qabaq, xüsusən də müasir dövrdə insanların zəhmətsiz gəlir mifinə olan inamlarıdır. Bu vəziyyəti çox güman ki, sosial media yaradır. İnsanlar sosial mediaya nəzər salaraq asan yolla gəlir əldə edənləri görürlər. Halbuki dünyanın heç bir ölkəsində asan yolla böyük gəlir əldə etmək mümkün deyil. Bu, nəinki iqtisadiyyatın mahiyyətinə, hətta adi məntiqə belə ziddir. Misal üçün, 10 min manat sərmayə qoyub hər ay onun 20 faizini, yəni 2000 manat əldə etmək mümkünsüzdür. Belə bir fəaliyyət sahəsi mövcud deyil. Hətta olsa belə o şəxslər niyə sizi öz bizneslərinə şərik etsinlər ki? O pulu banka qoysanız ən yaxşı halda bir il ərzində onun 10 faizini, yəni 1000 manat əldə edə bilərdiniz. 

Hər şey bir yana, varlı olmaq bu qədər asandırmı? Bankdan 10 min manat kredit götürüb  şirkətə verməklə 100 min dollarlar qazanmaq heç filmlərdə də olmur. 

Məsələnin başqa tərəfi. Yalançı vədlərə aldananlar gerçək həyatda kartof əkənlərin böyük sərvət qazandığını düşünür? Doğrudanmı, kartof əkməklə bu qədər böyük sərvət qazanmaq mümkündür? 

Təəssüf doğuran haldır ki, bu cür fırıldaqların qurbanları adətən aztəminatlı, yoxsul şəxslər olur. Görünür, bir anda milyonçu olmaq, böyük pullar qazanıb yoxsulluqdan çıxmaq hissi onlara güc gəlir. Ancaq bunun elə də asan olmadığı, pul qazanmaq üçün zəhmət, bilik, işgüzarlığın gərəkli olduğu isə unudulur. 

Bu məsələnin savadla, mütaliə və zəka ilə bağlı olan hissəsidir. Ancaq insan heç də həmişə rasional varlıq deyil. Onu asanlıqla yoldan çıxardan bir şey var. O da onun nəfsi, tamahıdır. Fırıldaqçılıqla məşğul olan şirkətlər də insanların incə damarını peşəkarlıqla tuturlar. 

Proses necə baş verir? Əvvəlcə kiçik bir məbləğ, tutaq ki, 100 manat tələb olunur və 100 manata düşən 20 manat qazanc şəxsin hesabına yatırılır. Artıq o insanı həmin 20 manatdan sonra saxlamaq mümkün deyil. Qan qoxusu almış canavar kimi borc almaq, əmlakını satmaq, kredit götürmək kimi müxtəlif mənbələr hesabına pul əldə edən potensial zərərçəkmiş şəxs həmin pulları da qazanc üçün sistemə yatırır. Öz ətrafında olan insanları da prosesə cəlb edir. İki ya da üçüncü cəhddən sonra beşrəqəmli məbləğlər ortaya çıxır. Sonda isə… Sistem kilidlənir, heç kimlə əlaqə saxlamaq, pulu geri qaytarmaq mümkün olmur. Və yalnız bu anda insanlar aldadıldıqlarını başa düşürlər. 

Halbuki, pul qazanmaq üçün əmək sərf etmək, əziyyət çəkmək, çalışmaq gərəkdir. Bu yolları nəzərdən keçirib özləri üçün yeni yol açmaq istəyənlər də fırıldaqçıların tələsinə düşəcəklər. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir